EN

“Qarsın Qərbi Azərbaycan yaddaşı” sənədli filmi təqdim olunub

20 sentyabr 2025-ci il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən hazırlanmış və AZTV istehsalı olan “Qarsın Qərbi Azərbaycan yaddaşı” sənədli filminin təqdimatı keçirilib.

Təqdimatda filmin yaradıcı heyəti, tanınmış jurnalistlər, QHT nümayəndələri, gənclər və ictimai xadimlər iştirak ediblər.

Təqdimat layihə rəhbəri Bəsti Nəsibovanın çıxışı ilə açılıb. Təqdimat Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra Bəsti Nəsibova 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu tarixi günün önəmindən bəhs edib.
O, çıxışında bildirib ki, film Türkiyənin Qars vilayətində çəkilib və 1915–1920-ci illərdə baş verən deportasiya nəticəsində 500 mindən çox soydaşımızın məcburi şəkildə öz yurdlarından didərgin salınaraq Türkiyə ərazisinə köçürülməsi, onların Ərzurum, Muş və Qars vilayətlərində məskunlaşması tarixi faktlara əsaslanaraq təqdim olunub. Nəsibova əlavə edib ki, bu gün də Qarsda yaşayan Qərbi azərbaycanlılar öz milli-mənəvi dəyərlərini qoruyub saxlayır, gələcək nəsillərə ötürür və onların unudulmaması üçün böyük səylər göstərirlər.

Filmin müəllifi Almaz Mahmud çıxışı zamanı çəkiliş prosesi barədə danışaraq bildirib: “Qarsda gördüyümüz isti münasibət və insanların səmimiyyəti bizə özümüzü sanki Azərbaycanda hiss etdirdi. Adətlər, yeməklər, insanların həyat tərzi bizə çox doğma idi. Ümid edirəm ki, bu cür filmlərin çəkilişi davam edəcək. Xüsusən də Zəngəzur dəhlizi açıldıqdan sonra növbəti filmi həmin ərazilərdə çəkməyi planlaşdırırıq.”

Təqdimat zamanı jurnalistlər, QHT nümayəndələri və gənclər də film haqqında öz təəssüratlarını bölüşərək layihəni tarixi yaddaşın qorunmasında mühüm bir addım kimi qiymətləndiriblər. Onların sözlərinə görə, bu cür sənədli filmlər həm tarixi faktların üzə çıxarılmasına, həm də milli kimliyin möhkəmləndirilməsinə xidmət edir.

Chosen
9
turkustan.az

1Sources