EN

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü - Böyük Qələbənin rəmzi

Azərbaycan tarixində şanlı səhifələrdən biri – 20 sentyabr günü artıq iki ildir ki, Dövlət Suverenliyi Günü ilə yanaşı, həm də xüsusi olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən hər il bu gün xalqımız tərəfindən təntənəli surətdə anılır. Bu əlamətdar günün təsis edilməsi, sadəcə bir tarixi qərar deyil, həm də minlərlə şəhidimizin qanı bahasına qazanılan Böyük Qələbənin rəmzidir. Ermənistanın və qondarma rejimin terrorçu silahlı dəstələrinin birdəfəlik tərksilah edilməsindən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.


Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. O bildirib ki,  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağımızı ucaltdı:

"Həmin gün dövlət başçısı xalqa müraciətində bildirdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm... Hər birimiz inanırdıq ki, bu gün gələcək. Mənim ən böyük məqsədim Azərbaycan Bayrağını işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə dalğalandırmaq idi. Bu gün o gün gəldi.”

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, iqtisadi potensialın reallaşdırılması və əmək bazarının yeni tələbləri Qarabağda yüksəkixtisaslı kadrların hazırlanması məsələsini aktuallaşdırıb. Məhz bu zərurəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı. Bu qərar təkcə təhsil infrastrukturunun inkişafı deyil, həm də regionun intellektual potensialının gücləndirilməsi, gənclərin bilik və bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qarabağ Universiteti yaxın illərdə həm yerli əhali, həm də bütün ölkə üzrə gənclər üçün yeni imkanlar açacaq, Qarabağın dirçəlişinə öz töhfəsini verəcək."

Deputat qeyd edib ki,2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazisində qismən dəyişikliklər edildi və mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı:

"Bu qərar, ilk növbədə, işğaldan azad olunmuş ərazilərdə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, infrastrukturun bərpası, sosial-iqtisadi inkişaf proqramlarının daha çevik icrası məqsədi daşıyır. Yeni inzibati rayonun yaradılması Qarabağın dirçəlişinə, əhalinin doğma yurd-yuvasına qayıdışına və bölgədə həyatın normal axarına düşməsinə əlavə stimul verəcək. Ağdərə rayonunun yaradılması həm də Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının daha bir təsdiqi, bölgədə dövlət suverenliyinin möhkəmlənməsi baxımından mühüm tarixi hadisədir.

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü xalqımız üçün həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, həm də dövlətimizin qüdrətinə inam günüdür. Bu tarix sübut etdi ki, Azərbaycan xalqı öz milli birliyi, Ordusunun gücü və Ali Baş Komandanın siyasi iradəsi, qətiyyəti, prinsipiallığı, sərkərdəlik bacarığı və müdrik liderliyi ilə hər bir hədəfə çata bilir. Bu gün Azərbaycanın bütün suveren ərazilərində dalğalanan üçrəngli bayrağımız həm də gələcəyə olan sonsuz inamımızın rəmzidir."


Chosen
4
manset.az

1Sources