EN

Sülhə bir gün deyil, bir ömür lazım

Hər il 21 sentyabr tarixində dünya ölkələri Beynəlxalq Sülh Gününü qeyd edir. Bu gün BMT tərəfindən 1981-ci ildə elan olunub və məqsədi qlobal miqyasda silahlı münaqişələrin qarşısını almaq, insan hüquqlarını və dinc yanaşı yaşama prinsiplərini təşviq etməkdir.

Sülh – yalnız müharibənin olmaması deyil. Sülh, həm də cəmiyyətlərdə ədalətin, hüququn, bərabərliyin və qarşılıqlı hörmətin təmin olunmasıdır. Sülh olmayan yerdə nə inkişaf mümkündür, nə də xoşbəxtlik. Dünya təcrübəsi göstərir ki, bir ölkənin əsl gücü onun hərbi potensialı ilə deyil, sülhə və sabitliyə verdiyi dəyərlə ölçülür.Bugünkü dünyada informasiya savaşları, dini və irqi ayrı-seçkilik, ekoloji fəlakətlər və iqtisadi qeyri-sabitlik kimi problemlər sülhə təhlükə yaradır. Belə bir dövrdə sülhün qorunması yalnız beynəlxalq təşkilatların deyil, hər bir fərdin məsuliyyətidir.

Valideynlər övladlarına tolerantlıq və mərhəmət hissi aşılamalı, müəllimlər şagirdlərinə sülhün dəyərini öyrətməli, ictimai xadimlər isə bu ideyanı geniş auditoriyalara çatdırmalıdır. Sosial şəbəkələrdə nifrət deyil, həmrəylik paylaşmalıyıq. Çünki böyük dəyişikliklər məhz kiçik addımlarla başlayır.

Azərbaycan Respublikası daim sülhsevər siyasət yürüdərək beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir. 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra ölkəmiz bölgədə sabitliyin və əməkdaşlığın təmin olunması üçün ciddi təşəbbüslərlə çıxış edir. Azərbaycanın sülh çağırışları, xüsusilə də Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının təşviqi bu istiqamətdə atılan əhəmiyyətli addımlardandır.

Unutmayaq ki, sülh göydən düşmür. Onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Hər birimiz cəmiyyətimizdə mehribanlıq, anlayış və humanizmi təşviq etməklə bu dəyərə töhfə verə bilərik.Sülhə bir gün deyil, bir ömür lazım!

 

V çagırış millət vəkili 

Dilarə Cəbrayılova

Chosen
4
sabahinfo.az

1Sources