EN

Yenə Azərbaycan, yenə möhtəşəm "Formula-1" həyəcanı

500 milyondan çox azarkeşin nəbzi Bakı ilə vurur

3-cü gündür Bakı növbəti dəfə möhtəşəm bir tədbirə - "Formula-1" Azərbaycan Qran-prisinə evsahibliyi edir. Bu gün sürətsevərlər planetin ən güclü 11 komandasının və 13 müxtəlif ölkədən 22 pilotun əzmkar mübarizəsinin şahidi olacaqlar.

Yarışın keçirildiyi  Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər "Formula-1" treklərindən seçilir. Şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin növbəti dəfə 340 km/saat  qeydə alınacağı gözlənilir. 

"Formula -1"i maraqlı edən ən vacib amillərdən biri də çempionatda istifadə olunan avtomobillərin texniki göstəriciləridir. 1950-ci ildə keçirilən "F1" üzrə ilk dünya çempionatında azarkeşlər İkinci Dünya müharibəsindən əvvəl istehsal olunan avtomobillərin yarışını izləyiblər. Bu bolidlərin mühərriki öndə, təkərləri isə enzis və dişli idi. Avtomobillər 1,5 litrlik kompressor və ya 4,5 litrlik normal aspirat mühərriklə işləyirdi. Sonradan hər il istər yarış qaydaları, istərsə də avtomobillərin texniki göstəriciləri və dizaynında müxtəlif dəyişikliklər edilib. Mühərrikin həcmi, avtomobilin sürəti və təkərlər müasir dövrün tələblərinə uyğun dəfələrlə yenilənib.

"Formula-1" yarışlarında diqqətçəkən məqamlardan biri də mühərriklərin daha güclü və səs-küylü olmasıdır. Belə ki, 2014-cü ildən bəri 2,4 litr həcmindəki V8 əvəzinə, 1,6 litrlik hibrid V6 mühərriklərindən istifadə edən istehsalçılar tətbiq olunan limitlərin ləğv edilməsindən sonra "Mercedes"lə fərqi aradan qaldırmağı planlaşdırırlar. Yeniliklərdən sonra "Reno" və "Honda"nın təxminən 70 at gücü daha artıq qüvvə əldə etdiyi, "Mercedes"in isə 1000 at gücü səddinə çatdığı ehtimal olunur. İki çıxışı olan yeni mühərriklər həm də daha çox səs çıxaracaq. Təqvimdə yarış sayının 21-ə çatması ilə hər maşın 4 əvəzinə, 5 mühərrikdən istifadə edə bilir.

Son illərin yeniliklərindən biri də təkərlərlə bağlıdır. "Pirelli" şirkəti yeni mövsüm üçün ultra yumşaq təkərlər hazırlayıb. Həmin təkərlər maşınların daha sürətli hərəkətinə şərait yaradır. Builki dünya çempionatında da "Formula-1" bolidləri və təkərlərinin bir qədər enlənməsi səbəbindən iki il əvvələ nisbətən daha yüksək sürətin olması gözlənilmir. Keçən mövsüm maksimal sürət saatda 378 kilometr olduğu halda, bu dəfə də o qədər və ya bir qədər az sürətin olması ehtimal edilir. 2016-cı ildə Bakıda keçirilən "Formula-1" yarışında dövrə rekordu, yəni 6 kilometrlik dövrənin qət edilməsi zamanı 1 dəqiqə 46 saniyə olmuşdu.

Elçin CƏFƏROV,

"Azərbaycan"

1Sources