EN

AFFA da rəhbər dəyişdi, amma Qarabağ a qarşı səssizlik davam edir MÜSAHİBƏ

ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın uğurlarının Azərbaycan futboluna aidiyyatı yoxdur. Komandanın ÇL-ə düşməsi, orada "Benfika" kimi Avropa nəhəngini məğlub etməsi, davamlı Avropa səhnəsində olması Azərbaycan futbolunun çox üstündə olan bir möcüzədir. Həmin möcüzə isə azarkeşləri, futbol adamlarını aldatmalı deyil. Təəssüf ki, bir çox hallarda aldadır. Bizim reallığımız milli komandaların bugünüdür. Ən əsası isə aşağıdan gələn gənclərin hansı gündə olması... Millilərlə bağlı vəziyyət ortadadır, əlavə şərhə ehtiyac yoxdur. Portuqaliyada isə yaxın gələcəyimizin də nə qədər dumanlı olduğu ortaya çıxdı."Qarabağ"ın U-19 komandasına "Benfika"dan olan həmyaşıdlarının divan tutduğu (1:7) görüşlə. Əminəm ki, ikinci yarı avropalılar güzəşt etməsəydi, vəziyyət dəhşətli dərəcədə pis ola bilərdi. Bəli, belə hesablı məğlubiyyətlər dünya futbolunda az olmayıb. Adamı üzən isə nəticədən çox, bizim uşaqların meydandakı çox aşağı performansı idi. Meydan sahibləri sözün bütün mənalarında bizimkiləri əzdi, gəzərək qolları vurdu. Məhz bu uşaqlar yaxın gələcəkdə klublarımızın və milli komandalarımızın güvənəcəyi adlardır. Ağlamalı durumdur, həm də dərs çıxarmalı hadisə. Tək "Qarabağ" yox, bütün klubların rəhbərliyi və AFFA mənsubları bu matça dönə-dönə baxsın. Ki, ölkə futbolunun gələcəyinin nə qədər bataqlıqda, çirkablıqda olduğunu görsün. Bir sözlə, "Qarabağ"ın əsas komandasının fantastik qələbəsinə sevinməkdən çox, U-19 komandasının böyük hesablı məğlubiyyətinin ətrafında var-gəl etsək/birləşsək daha yaxşı olar.

Sportal.az xəbər verir ki, elə "Qarabağ"ın direktoru Emrah Çelikellə söhbətin əsas mövzusu da məhz həmin məğlubiyyət ətrafında oldu.

- Əsas komandanın "Benfika" üzərində qazandığı möhtəşəm zəfərdən çox danışılıb. Sizin bu barədə bizim saytımıza müsahibəniz də var. Məni isə parlaq qələbə fonunda U-19 komandasının həmyaşıdlarına 1:7 hesabla məğlub olması daha çox düşündürdü. Siz bu hadisəni necə qarşıladınız?

- Səfərə gedəndə belə gənclərin əsas komandanın nəticələrini ala bilməyəcəyi reallığını bilirdik. "Benfika" ilə görüşdən sonra Hava Limanına gələndə uşaqlarımızı boynu bükük, başı aşağı gördük. Prezidentimiz Tahir bəy ən azı yarım saat onlarla söhbət elədi. "Qarabağ"ın bu günə qədər keçdiyi yoldan danışdı. Bizim haralardan bu yerə gəldiyimizi onlara başa saldı. Uşaqlarımız meydanda əlindən gələni etdi. Yaşananlar bir səviyyə fərqi idi.

- Aradakı fərq çox böyükdür. Bu qədər geri qalmağımızın səbəbi nədir?

- 1:7 hesablı məğlubiyyət infrastruktur, şərait - hər baxımdan uduzmağımız idi. Aradakı fərqi yaradan ən böyük səbəblər bunlardır. Bizim akademiyamız yoxdur. Uşaqları saxlaya biləcək şəraitimiz yoxdur. "Benfika" Avropanın qabaqcıl akademiyalarından biridir. Yetirmələrini yüksək qiymətlərə satır. Hər kəs bilir ki, bu klubun yetirmələrinin şöhrəti bütün dünyaya yayılıb. Amma bizim elə bir imkanlarımız yoxdur. Təbii ki, biz də istərdik ki, əsas komanda kimi akademiya komandası da eyni nəticəni göstərsin. Bəlkə buna daha çox sevinərdim. Çünki onlar bizim gələcəyimizdir. 3-5 il sonra "Qarabağ"ı, Azərbaycan millisini təmsil edəcək uşaqlar orada çıxış edir. Amma baxaq görək biz hansı şəraitdə onların yetişdirilməsi üçün mücadilə aparırıq? Hansı meydançalarda oynayırıq? Ümumiyyətlə, meydançalar varmı? Bizim meydançamız yoxdur. Akademiyanın bir hissəsi Tofiq Bəhramov adına Respublika stadionunda məskunlaşıb, digər yarısı Sərhədçi Olimpiya mərkəzində yerləşir. Və bütün meydançalar süni örtükdür. Bu cür meydançaların uşaqların sağlamlığına vurduğu zərərdən danışmağa ehtiyac yoxdur. Gələcəyin zədəli futbolçularını yetişdiririk. Bizim reallığımız budur. Nə qədər akademiyalarımıza diqqət etsək, yaxşı meydançalarımız olsa gələcəyə o qədər ümidlə baxa bilərik. Uşaqlar əsas komandaya gələnə kimi təbii örtük nə olduğunu bilmirlər. Betonun üzərində çıxış edirlər. Süni örtüklü meydançaların vəziyyəti hamımıza məlumdur.

- İnfrastruktur məsələsi həllini tapsa, aradakı uçurumun qapanacağına inanırsız?

- Biz infrastruktur məsələsində Avropa klublarına uduzmasaq və arada yenə uçurum olsa, o zaman digər məsələlərə baxarıq. İlk öncə nfrastruktur olmalıdır, ondan sonra digər problemləri axtararıq. Baxarıq ki, bizim başqa nələrimiz çatmır. Düşünün ki, yola çıxmaq istəyirik, maşınımız var, amma təkərlərimiz yoxdur. Bu təkərlər olmalıdır ki, ondan sonra biləsən maşın gedir, yoxsa getmir. Maşında nə problemin olduğunu ondan sonra biləcəksən.

- Son 2-3 ildə atılan addımlar "Qarabağ" rəhbərliyinin akademiya ilə bağlı ciddi hədəfləri olmasını göstərir. Yeni təyinatlardan sonra irəliləyiş sizi qane edir?

- 2 il öncə Nail Kərimov və Aftandil Hacıyev kimi mütəxəssisləri akademiyamıza gətirdik. İl ərzində 10 komandamızdan 7-8-ni xaricə turnirlərə göndəririk. Uşaqlar orada təbii örtüklü meydançada oynayırlar. Milli komandalara verdiyimiz oyunçuların sayı günü-gündən artır. Aftandil Hacıyevin böyük əziyyəti var. Nail müəllimin də bu sahədə böyük təcrübəsi var. Bu təcrübəni komandalarımıza keçirməyə çalışır. Amma bizim evimiz - bazamız yoxdur. Ona görə bunu davamlılıq halına gətirməkdə gücsüzük.

- İnfrastruktur problemi davam edir. Özünüz də bunun qurulmasının vacib olduğunu dediniz. Bəs bu istiqamətdə vəziyyət necədir?

- Səssizlik davam edir. Hər hansı yenilik yoxdur.

- Belə vəziyyət nə vaxta kimi davam edəcək?

- Bu sualın cavabında onu deyim ki, 2017-ci ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazananda Cənab Prezident İlham Əliyev bizi qəbul etmişdi. Görüşdə keçmiş AFFA prezidenti Rövnəq Abdullayev də iştirak edirdi. O zaman göstəriş verildi ki, Suraxanıda "Qarabağ"a istədiyi şərait yaradılsın. Arxada qalan bu qədər müddətdə heç bir dəyişiklik yoxdur. Niyyətimiz Azərbaycan futboluna xidmət etmək, Azərbaycan gənclərinə dəstək göstərməkdir. Öz akademiyamızdan öz uşaqlarımızı yetişdirmək istəyirik. Ən uyğun gələn yer bizim Suraxanıdakı bazamıza bitişik olan və hazırda boş qalan, heç bir fəaliyyət göstərməyən ərazidir. Orada öz akademiyamızı qurmaq istəyirik. "Qarabağ" bunu öz hesabına etmək istəyir. Klubun prezidenti Tahir Gözəl öz hesabına bunu etmək istəyir. Ancaq bu ərazi ilə bağlı biz heç bir cavab ala bilmirik. Nə yox cavabı var, nə də hə. Əvəzində bizə qarşı bir səssizlik var.

- Haqqında bəhs etdiyiniz ərazidə akademiya inşa etməyi niyə bu qədər çox istəyirsiniz? Bura alınmırsa, bəlkə alternativ yollara baş vurasınız?

- Bu gün Bakıda bizim akademiya qurmağımız üçün boş sahə yoxdur. Bazamızın burada olması böyük üstünlük olacaq. Qurban müəllimin otağından baxanda həmin ərazi görünür. Özümüzə aid Binədə ərazi var. Rəhmətlik Abdolbari Gözəl bizə yer ayırmışdı. Həmin yerə biz baxış keçirdik. Orada elə bir külək vardı ki... Futbol salon idman növü deyil, açıq havada oynanılır. Binədə külək nəinki top oynamağa, hətta ayaqda durmağa belə imkan vermir. Bundan başqa bizə yaxın olan bir yer yoxdur. Ən əsası da yanımız boşdur. Zamanında ən yüksək səviyyədə tapşırıq da verilib. AFFA-da rəhbərlik dəyişdi, amma bura ilə bağlı yenilik yenə olmadı. Hansı ki, bunu gözləyirik. Biz bunu özümüz üçün yox, Azərbaycan futbolu, azərbaycanlı balalarımız üçün istəyirik. (Sportinfo.az)

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
sportal.az

3Sources