EN

Qaliblər bəlli oldu

CASCFEN-in “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihəsi çərçivəsində yazı müsabiqəsində 6 tələbə fərqləndi

Məlum olduğu kimi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihəni həyata keçirib. “İki sahil” xəbər verir ki, sentyabrın 17-də Bakıda, Azərbaycan Respublikasının Gəncliyə Yardım Fondunun iclas zalında layihə üzrə yekun tədbir keçirilib.
CASCFEN-in Mətbuat xidmətindən verilən məlumata görə tədbirin yekununda mükafatlandırma mərasimi olub.
Belə ki, CASCFEN-in layihə çərçivəsində Türkiyə universitetlərində təhsil alan türk dünyası tələbələri arasında keçirdiyi “Bizim ailəmiz türk dünyasıdır” adlı yazı müsabiqəsin (məqalə yarışması) qalibləri elan olunub. Layihə rəhbəri və CASCFEN-in sədri bildirib ki, müsabiqəyə ümumilikdə 20-yə yaxın yazı təqdim olunmuşdu. Lakin bu yazıların bir qismi müsabiqə qaydalarına uyğun olmadığı üçün qiymətləndirməyə buraxılmayıb. Qalan yazılar arasında işçi qrup tərəfindən seçim aparılıb. Yekunda belə bir qərar qəbul edilib ki, müsabiqənin ümumi qalibləri kimi üç nəfər seçilsin, həmçinin yazıları xüsusilə ilə fərqlənən əlavə 3 iştirakçı isə xüsusi diplomla təltif olunsun.
Beləliklə, Şeyma Bilgi (Anadolu Universiteti Açıköğretim Fakultəsinin II kurs tələbəsi), Yusuf Çağlar Demirağ (Parisdə yaşayır və müsabiqə müddətində Erasmus proqramı ilə Anadolu Universitetində təhsil alıb), Sübhan Xıdırzadə (İzmir, Dokuz Eylül Universitetinin magistr tələbəsi) qalib kimi plaketlə təltif ediliblər. Həmçinin, yazıları xüsusilə fərqlənən Nərgiz Məmmədli (Süleyman Dəmirəl Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi), Umut Meriç Berberoğlu (Ege Universiteti Türk Dünyası Araştırmaları İnstitututunun magistr tələbəsi) və Rafael Badırxanov (Manisa Celal Bayar Universiteti Sosiologiya fakültəsinin IV kurs tələbəsi) xüsusi diplomla təltif olunublar. Müsabiqənin şərtlərinə uyğun olaraq bu 6 tələbənin yazıları Azərbaycanın nüfuzlu internet media orqanlarında dərc edilib. 
Qeyd edək ki, Nərgiz Məmmədli təltif günü Bakıda olduğu üçün tədbirdə xüsusi diplom ona şəxsən təqdim edilib. İzmir, Eskişehir və Manisadan olan tələbələrin plaket və diplomları isə tədbir zamanı müvafiq olaraq İzmir Azərbaycan Dərnəyinin rəhbəri Pərviz Altaya və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgülə təqdim edilib. Həmin şəxslər Türkiyəyə dönəndən sonra həmin qaliblərlə görüşüb, CASCFEN adından mükafatları təqdim edəcəklər.

Chosen
16
4
ikisahil.az

6Sources