EN

"Avropa Mobillik Həftəsi" çərçivəsində veloyürüş keçirildi

BAKI, 20 sentyabr. TELEQRAF

“Avropa Mobillik Həftəsi” çərçivəsindəYerüstü Nəqliyyat Agentliyi (AYNA), Azərbaycan Velosiped Federasiyası və “APAR” şirkətinin təşkilatçılığı ilə veloyürüş keçirilib.

AYNA-dan Teleqraf-a verilən məlumata görə, məqsəd ekoloji nəqliyyat vasitəsi olan velosipedin təbliğini aparmaq və ətraf mühitin qorunmasına töhfə verməkdir.
İştirakçılar Parlament və Hüseyn Cavid prospektlərində salınan mikromobillik zolaqlarının imkanlarından yararlanıblar. Başlanğıcını Şəhidlər Xiyabanından götürən veloyürüş Hüseyn Cavid parkında yekunlaşıb. Tədbir iştirakçılararına sertifikatlar təqdim olunub və onlar sentyabrın 21-də təşkil ediləcək “Avtomobilsiz Gün”ə dəvət olunublar.
Qeyd edək ki, “Avropa Mobillik Həftəsi” Avropa Komissiyasının dayanıqlı şəhər hərəkətliliyi mövzusunda maarifləndirmə kampaniyasıdır. AYNA Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə müraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə 16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər keçirilir və “Avtomobilsiz gün” ilə yekunlaşır.
Xatırladaq ki, “Avtomobilsiz gün” 21 sentyabr tarixində Məhəmməd Naxçıvani küçəsində təşkil olunacaq. Burada müxtəlif zonalarda operatorlar tərəfindən velosiped və skuterlər nümayiş etdiriləcək, əhali üçün test sürüşləri və təlimlər keçiriləcək. “Nəqliyyat və ətraf mühit” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin işləri sərgilənəcək. Asfalt üzərində uşaqların rəsm çəkmək bacarıqları yoxlanılacaq. Hər kəs bu tədbirə dəvətlidir.

Chosen
16
5
teleqraf.com

6Sources