“Formula-1” üzrə Azərbaycan Qran-prisinin paytaxt Bakıda artıq 9-cu dəfə təşkil olunması Azərbaycanın idman arenasında beynəlxalq nüfuzunun göstəricisidir. Doqquz ildir, qədim Bakı “Formula-1” yarışlarına böyük uğurla ev sahibliyi edir. 1950-ci ildən etibarən hər il keçirilən bu tədbirin yüksək səviyyədə təşkili üçün şəhərimizdə lazımi şərait yaradılıb. Bu nüfuzlu beynəlxalq yarışın dünyanın 190 ölkəsində yarım milyondan artıq azarkeşi var. Azərbaycanın növbəti dəfə “Formula-1”ə ev sahibliyi etməklə tanınması ölkəmizdə həm də turizm sektorunun inkişafına daha da təkan verəcək. Azərbaycana mötəbər beynəlxalq tədbirlərin təşkilində ciddi əhəmiyyət verilməsi ölkəmizin həm də siyasi cəhətdən təhlükəsiz olması ilə əlaqədardır. Azərbaycan hazırda dünyanın ən təhlükəsiz, sabit ölkələrindən biridir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, “Formula-1” yarışlarının Azərbaycanda keçirilməsinin ölkəmizin imicinə və inkişafına təsiri böyükdür.
Komitə sədri bildirib ki, “Formula-1” dünyanın ən baxımlı idman yarışlarından biridir:
“Yarışlar 150-dən çox ölkədə yayımlanır və milyonlarla tamaşaçı Bakını, onun müasir küçələrini görür, ölkəmizin simasını daha da dərindən izləyir. Yarış ərəfəsində minlərlə turist ölkəmizə səfər edir. Otellər, restoranlar, ictimai xidmət sektoru gəlir əldə edir. Eyni zamanda böyük dünyəvi brendlərin Azərbaycana marağı artır. Hətta onların reklam lövhələri də Bakıda təqdim olunur. Bundan əlavə, xidmət və kommunikasiya infrastrukturunda əhəmiyyətli təkmilləşmələr həyata keçirilir. “Formula-1”də gənclərimizə də müsbət təsir edən amillər var. İdmana maraq artır, ölkəmizi beynəlxalq idman diplomatiyasında mühüm ölkəyə çevirir. Beləliklə, “Formula-1” Azərbaycanın təkcə enerji ölkəsi yox, həm də idman, turizm mərkəzi kimi tanıdılmasına töhfə verir. Bu, yumşaq gücümüzün artmasına, real iqtisadi faydaya çevrilir. “Formula-1” yarışlarına ev sahibliyi Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir. Azərbaycanın qlobal tədbirlərə təhlükəsiz dövlət kimi mövqelənməsinə xidmət edir. Bu yarışlar sayəsində həm də Azərbaycan xalqının mədəniyyəti, ənənələri, onun milli-mənəvi dəyərləri dünyaya çatdırılır. Bütün bunlar müsbət hallardır. “Formula-1” Azərbaycanın qlobal idman xəritəsində mövqeyini möhkəmləndirir və ölkəmizi yüksək səviyyədə tanıtmaqda çox mühüm rol oynayır”.
Milli Məclisin Təbii ehtiyatlar, ekologiya və energetika komitəsinin üzvü Naqif Həmzəyev isə bildirib ki, “Formula-1” Azərbaycan Qran-prisi ölkənin beynəlxalq nüfuzuna və iqtisadiyyatına əhəmiyyətli təsir göstərir:
““Formula-1” dünyada milyardlarla insan tərəfindən izlənilən idman növüdür. Bakı şəhəri və Azərbaycan hər yarış zamanı qlobal auditoriyaya təqdim olunur. Bu, ölkənin turizm potensialını və mədəni zənginliyini dünyaya nümayiş etdirir. Yarış həftəsi ərzində on minlərlə xarici turist ölkəyə gəlir. Bu, mehmanxana sektoruna, restoranlar və digər xidmət sahələrinə birbaşa gəlir gətirir. Yarış infrastrukturu da uzunmüddətli investisiya kimi xidmət edir. “Formula-1”in tələbləri ölkənin nəqliyyat, rabitə və digər infrastruktur sahələrinin müasirləşdirilməsinə təkan verir. Bakı şəhər halqası təkcə yarış üçün deyil, gündəlik nəqliyyat ehtiyacları üçün də faydalıdır. Bu kimi beynəlxalq tədbirlər Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirir və ölkənin müasir, inkişaf etmiş dövlət imicini formalaşdırır. Cənubi Qafqaz regionunda belə böyük idman tədbirinə ev sahibliyi etmək Azərbaycanın regional lider mövqeyini möhkəmləndirir. Beləliklə, “Formula-1” təkcə idman yarışı deyil, həm də ölkənin "yumşaq güc" strategiyasının mühüm elementi, ən son texnologiyaların sınaq meydanıdır. Bu, Azərbaycanın texnoloji sektorunun inkişafına təkan verir və gənc mühəndislərin beynəlxalq standartlarla tanışlığını təmin edir. Yarış zamanı Azərbaycan mədəniyyəti, mətbəxi, adət-ənənələri milyonlarla insana çatır. Bu, ölkənin mədəni sərvətlərinin təbliğinə xidmət edir. “Formula-1” gənclər arasında mühəndislik, texnologiya və idmana marağı artırır, uzunmüddətli insan kapitalının formalaşmasına kömək edir. "Azerbaijan Land of Fire" loqosu yarış zamanı dünyaya yayılır. Bu, turizm və investisiya cəlb etmək üçün güclü marketinq vasitəsidir. Yarış həftəsində dünya mediası Azərbaycan haqqında müsbət reportajlar hazırlayır. Bu, ölkə haqqında stereotiplərin dəyişdirilməsinə kömək edir. Yarışa gələn biznes nümayəndələri ilə yeni əməkdaşlıq imkanları yaranır. VIP zonalarda aparılan görüşlər beynəlxalq biznes əlaqələrini genişləndirir. Yarışın təşkili logistik, təhlükəsizlik, media və digər sahələrdə yüksək səviyyəli mütəxəssislərin yetişməsinə şərait yaradır. Bu faydalar “Formula-1”in Azərbaycan üçün uzunmüddətli strateji investisiya olduğunu göstərir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova