EN

Milli yığmanın qolf üzrə baş məşqçisi: “Əgər bizi futbol kimi maliyyələşdirsəydilər...” - MÜSAHİBƏ

Qolf - dünyada ən populyar idman növlərindən biridir. Məktəblilərdən tutmuş yaşlı insanlara qədər milyonlarla insan bu idmana maraq göstərir. Amma Azərbaycanda qolf hələ geniş yayılmayıb. Niyə belədir? Onun inkişafına nə mane olur?

İdman.biz bu və digər suallara cavab tapmaq üçün milli yığmanın baş məşqçisi Tural Vəlizadə ilə müsahibə edib.

– Sirr deyil ki, ölkəmizdə qolf o qədər də inkişaf etməyib. Amma yığmamız varsa, deməli kifayət qədər qolfçu da mövcuddur. Neçə yığma komandamız var?

– Qolf çox bahalı idman növüdür, buna görə də məşğul olmaq istəyənlərin sayı azdır. Hazırda bizdə üç yığma komanda fəaliyyət göstərir: U-17, U-50 və 50+.

– Hansında qolfçular daha çoxdur?

– 50+ komandasında.

Yəqin ki, uzun müddət qolf oynamağı arzulayan, amma yalnız yetkin yaşda bu imkanı tapan insanlardır...

– Tamamilə doğrudur (gülür). Bu komandada əsasən imkanlı şəxslər, iş adamları toplaşıb və qolfu çox sevirlər. Təəssüf ki, U-17 yığmasında cəmi üç nəfər var.

– Halbuki ölkəmizdə kifayət qədər imkanlı ailə var. Niyə belədir?

– Məsələ ondadır ki, imkanlı ailələrin övladları bir qədər ərköyün və tənbəl olurlar. Digər tərəfdən, varlı valideynlər övladlarının peşəkar idmançı, xüsusən də qolfçu olmasını istəmirlər. Onlar övladlarını başqa sahələrdə görmək istəyir və ilk növbədə ali təhsilə yönəldirlər. Beləliklə, hətta imkanlı ailələrin uşaqları da arzularını gerçəkləşdirə bilmirlər.

– Bəs kasıb ailələrin övladları necə olsun? Axı onların arasında da istedadlı uşaqlar ola bilər...

– Əlbəttə, ola bilər. Amma özünüz düşünün: məşqin bir saatlıq ödənişi 20 manatdır. Qolf meydançası nə tatami, nə də güləş xalçası deyil ki, istədin yığasan, istədin sərəsən. Ona ilboyu — istidə də, qarda da, yağışda da qulluq lazımdır. Biz istedadlı uşaqlarla pulsuz məşğul olmağa hazırıq, amma uşağın bacarığını görmək üçün ən azı 5-6 məşq keçməsi vacibdir. Bu isə 100-120 manat edir. Üstəlik, hər dəfə ora gedib-gəlmək üçün taksiyə xərc tələb olunur. Çünki qolf-klubumuz “Dreamland” şəhər mərkəzindən uzaqda, Suraxanı rayonunda yerləşir. Ora nə metro, nə də avtobusla getmək mümkündür. Bu da əlavə yükdür.

– Turnirlərə səfərlər zamanı xərcləri kim qarşılayır — idmançıların ailələri, yoxsa federasiya?

– Əlbəttə, federasiya! Yarışlara səfərlərdə idmançılarımızı yaşayış, qida və digər bütün zəruri şeylərlə təmin edirik. Bunu onların sosial vəziyyətindən və maliyyə imkanlarından asılı olmayaraq edirik. Məsələn, yığmada bir qolfçumuz var ki, əsas işindən ayda təxminən 40 min manat qazanır. Amma o da yığma üzvüdür və turnirlərdə onun xərclərini federasiya qarşılayır.

– Bəs Azərbaycan qolfunun Avropa və dünya çempionatlarında medal qazanmaq şansı varmı?

– Mən belə deyərdim: əgər qolf futbol kimi maliyyələşdirilsəydi, istənilən idman növündə böyük uğurlar qazanardıq. Hətta qış idmanlarında, məsələn, fiqurlu konkisürmədə də Avropa çempionatında medalçılar yetişdirmək mümkün olardı. Hazırda bizdə iki perspektivli uşaq var – 9 yaşlı Emin Rzayev və 11 yaşlı Adam Troup. Mən onların parlaq gələcəyinə inanıram, təki valideynlər mane olmasın. Onlar bu gün də yaşıdları arasında nəticə göstərirlər və əminəm ki, 12-15 ildən sonra Avropanın və dünyanın aparıcı qolfçuları sırasında olacaqlar.

Vüqar Vüqarlı

İdman.biz

Chosen
30
1
idman.biz

2Sources