Xırdalan şəhər sakini Əli Rəşad övladı Məhəmməd Əliyə qarşı haqsızlıq edildiyini bildirərək Azərbaycan Boks Federasiyasından şikayətçi olduğunu açıqlayıb.
İdman.biz xəbər verir ki, gənc boksçunun valideyni bununla bağlı Fanat.Az-a ünvanladığı şikayət məktubunda bir sıra iddialar səsləndirib.
Boks Federasiyası mövzu ilə bağlı açıqlama verib. Qurumdan bildirilib ki, Azərbaycan Boks Federasiyasına bununla bağlı hansısa rəsmi müraciət daxil olmayıb:
"Bu səbəbdən də araşdırma etmək mümkün olmayıb. ABF-in qaydalarında uyğun olaraq, müraciət daxil olduqdan sonra xüsusi komitə tərəfindən araşdırılaraq, hansısa pozuntu aşkar edilərsə müvafiq tədbir görülür. ABF World Boxing və İBA-nın üzvüdür. Bu səbəbdən də milli hər iki qurumun təşkil etdiyi Avropa birinciliyinə qatılır. Federasiyamız hazırda uşaq boksunun inkişafına xüsusi diqqət ayrılır. Məktəbli boksçuların beynəlxalq arenada özlərini göstərməsi və yoxlanılması üçün şans yaradılır. Məhz kadetlərdən ibarət milli komandamız iyulda İBA-nın təşkil etdiyi Avropa birinciliyində tarixi rekord vurdu. Bunlar hamısı sevindiricidir. Məhəmməd Əli də həmin yarışda bürünc medal qazanıb. Hər bir məktəbli boksçunun inkişafı üçün bütün lazımı şərait yaradılır və onlar müxtəlif yarışlarda sınanılır. Həmin boksçu bir Avropa birinciliyinə qatılıb, bu dəfə fərqli məktəblini yoxlayacağıq. Bundan əlavə, Məhəmməd Əlinin 52 kq-da sınaq döyüşündə uduzduğunu nəzərə alaraq, növbəti qitə birinciliyində ölkəmizi daha güclü boksçu təmsil edəcək. Əks halda, həmin boksçu və valideyn üçün də haqsızlıq olar".
İdman.biz