EN

Ukrayna hərbçiləri Rusiyanın iki neft emalı zavoduna aviazərbə endirib

Kiyev, 20 sentyabr, AZƏRTAC

Ukrayna Silahlı Qüvvələrinin uğurlu xüsusi əməliyyatı nəticəsində Saratov və Novokuybışevsk neft emalı zavodları, həmçinin Urals markalı neft istehsalı ilə bağlı stansiya vurulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Sentyabrın 20-nə keçən gecə Baş Qərargahın rəhbərliyi altında Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər bölmələri Saratov neft emalı zavoduna zərbə endirib. Hadisə yerində partlayışlar və genişmiqyaslı yanğın qeydə alınıb. Son nəticələr dəqiqləşdirilir.

Bu zavod Rusiyada ümumi neft emalı həcminin təxminən 2,54 faizini təmin edir və ildə 7 milyon tondan çox neft emal olunur. Bundan əlavə, Ukrayna bölmələri Samara vilayətində yerləşən Novokuybışevsk neft emalı zavoduna da hücum həyata keçirib. İlkin məlumata görə, zavod ərazisində partlayışlar və yanğın baş verib. Təfərrüatlar dəqiqləşdirilir.

Bu müəssisədə ildə 8,8 milyon tondan çox neft emal olunur. Həmçinin magistral nəqliyyat infrastrukturuna aid olan “Samara” xətti istehsalat-dispetçer stansiyasına da zərbə endirilib. Zərbənin nəticələri hələ dəqiqləşdirilir.

Qeyd edək ki, bu stansiyada müxtəlif yataqlardan hasil olunan yüksək və aşağı kükürdlü neft qarışığından Rusiyanın ixrac etdiyi Urals markalı neft formalaşdırılır (ümumi ixracın 50 faizinədək).Vurulan bütün obyektlər Rusiya Silahlı Qüvvələrinin yanacaq-sürtkü materialları ilə təmin edirdi.

Ukrayna müdafiə qüvvələri vurğulayıb ki, onlar sistemli şəkildə Rusiyanın logistikasını pozmağa və neft emalı sektorunda hərbi-iqtisadi potensialını azaltmağa yönəlmiş tədbirlər həyata keçirirlər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
63
3
azertag.az

4Sources