Almaniyanın Bavariya əyalətinin paytaxtı Münxendə 190-cı Oktoberfest başlayıb.
"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 5-dək davam edəcək festivalla əlaqədar Münxenin Terezienvieze meydanında 17 böyük çadır quraşdırılıb. İştirakçılar bu çadırlarda səhər saatlarından yer tutsalar da, onlar ilk pivəni Münxen meri Diter Rayterin çəlləyi açmasından sonra dada biliblər. Mer ardıcıl son iki ildə olduğu kimi, çəlləyi iki cəhddə açmağı bacarıb.
Ardınca iştirakçıların ənənəyə uyğun olaraq, “O‘zapft is!“ (“Çəllək açıldı!”) sədaları altında festival start götürüb.
İki əsrə yaxın müddətdə hər il Münxendə keçirilən Oktoberfest dünyanın ən böyük xalq festivallarından biridir. Bu bayram ilk dəfə 1810-cu ildə Bavariya şahzadəsi Lüdviqin və şahzadə Terezenin toy mərasiminin şərəfinə keçirilib və hər il təşkil edilir. Hər il milyonlarla ziyarətçi Oktoberfestə gələrək Almaniyanın mədəni irsi və əyləncə ənənələri ilə tanış olur.
"Cebheinfo.az"