EN

Vaşinqtonun Pekinlə güc dililə danışmaqdan imtina edir Politoloq

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Trampın Si Szinpinlə telefon danışığı və Tayvanla bağlı verdiyi qərar gərginliyin azaldılmasına yönəlik siqnal olmaqla yanaşı, dünyada sülhün bərqərar olmasında mühüm rol oynayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov ABŞ prezidenti Donald Trampla Çin lideri Si Szinpin arasında telefon danışığı və birincinin Tayvana 400 milyon dollarlıq hərbi yardıma veto qoymasına münasibət bildirərkən deyib.

"ABŞ prezidenti Donald Tramp bu addımı ilə Çinlə münasibətləri yaxşılaşdırmaq istədiyini ortaya qoyur. O, istəmir ki, dünyanın iki nəhəng ölkəsi üz-üzə gəlsin. Co Bayden dövründə Tayvan Amerika silahları ilə ciddi şəkildə silahlandırılırdı. O vaxt hələ Nümayəndələr Palatasının spikeri olan Nensi Pelosi də Tayvana gələrək, onlara dəstək oldu. Bu kimi addımlar ABŞ-Çin qarşıdurmasını gücləndirdi", deyə ekspert bildirib. 

Politoloq düşünür ki, Tramp isə Çinlə bağlı başqa variant seçilməsində maraqlıdır: 

"O, Çinlə ticarət əlaqələrinin genişlənməsi, danışıqların aparılmasına üstünlük verir. Trampla Si Szinpinlə dünən baş tutan telefon danışığının əsas mövzuları da məhz ticarət əlaqələrinin genişlənməsi və "TikTok"un ABŞ tərəfindən alınması məsələsi oldu. Onu 50 milyard dollara Trampın yaxın adamı alır. Habelə onlar 2026-cı ildə Trampın Pekinə və Çin liderinin də istədiyi vaxt ABŞ-a səfərinə razılaşıblar".

Bütün bunlar həmsöhbətimizin fikrincə, artıq Vaşinqtonun Pekinlə güc dililə danışmaqdan imtina etməsi anlamına gəlir:

"Diplomatik əlaqələr, qarşılıqlı hörmətə üstünlük verirlər".

Elşad Həsənovun fikrincə, bu addımların dünyada cərəyan edən qarşıdurmanın, o cümlədən hərbi qarşıdurmanın qarşısının alınmasında böyük rolu olacaq:

"Tramp Si Szinpinlə Ukrayna müharibəsi barədə də danışıb. Çin Rusiyaya ciddi dəstək verir. Ola bilsin Tramp danışıqlar və Tayvan məsələsində kəskin addımlardan çəkinmək yolu ilə Çini Rusiyaya dəstəkdən yayındırsın. Belə olarsa, müharibə də dayana bilər".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çin lideri Si Szinpinlə telefonla danışıb. Danışıqlar konstruktiv keçib. Tərəflər əlaqələri genişləndirməyə üstünlük veriblər. 

Bundan başqa Tramp materik Çinə rəqib olan Tayvana növbəti 400 milyon dollarlıq hərbi yardımın göndərilməsini təsdiqləməyib. Bütün bunlar onu göstərir ki, Tramp Vaşinqton Pekin münasibətlərini sahmana salmaqda maraqlıdır.

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
55
qaynarinfo.az

1Sources