EN

Paşinyanın SON şansı: Referendum gecikə, sülh təhlükədə qala bilər

Ermənistan Konstitusiyası dəyişməlidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Suverenliyi Günü münasibətilə yaydığı bəyanatda bildirilir.

"Vaşinqton görüşünün nəticələri Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Bu tarixi sülh fürsətinin əldən verilməməsi, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılması zəruridir", - deyə bəyanatda qeyd olunur.

Məlumdur ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi regionun əsas gündəm mövzularındandır. Lakin onun sürətli və davamlı icrası üçün əsas şərtlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.

Mövcud konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların qalması – xüsusilə Qarabağ iddiaları – sülh sazişinin hüquqi təminatını zəiflədir. Bakı hesab edir ki, konstitusiya dəyişməsə, müqavilə kağız üzərində qalacaq.

Dəyişiklik texniki və siyasi baxımdan çətindir: ya parlament çoxluğu ilə, ya da referendumla həyata keçirilə bilər. Paşinyan hökuməti siyasi iradə göstərsə də, daxili müxalifət və ictimai rəy prosesi çətinləşdirir. Müxalif qüvvələr bunu "Azərbaycan təzyiqi" kimi qələmə verərək müqaviməti artırır və parlamentdə dəstəyi zəiflədir.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan artıq ölkənin pasportundan Ağrıdağın təsvirini çıxarıb.

Paşinyan deyib ki, bu addım "Ermənistanı düz yola salmaq" və dövlətçiliyi möhkəmləndirmək məqsədi daşıyır.

Bəs bu ilin sonuna qədər Ermənistan Konstitusiya dəyişikliyinə gedə bilərmi?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

elxan.jpg

Politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin sonuna qədər konstitusiya dəyişikliyi, yəni referendumu keçirəcəyi ehtimalı cüzidir:

"Çünki hər halda komissiyalar fəaliyyət göstərməlidir. Özü gələn iyun ayından sonrakı ayları nəzərdə tutub: iyun ayında parlament seçkisi keçirsin, sonra referendum. Ona qədər də konstitusiya dəyişiklikləri, yəni komissiya dəyişiklikləri hazırlansın.

Amma parlament seçkisi erkən də ola bilər. Bu halda konstitusiya dəyişikliyi məhz iyun ayında deyil, gələn ilin başlanğıcında da baş tuta bilər və bu həm Ermənistan, həm də bölgə üçün faydalı olar; sülh müqaviləsində imzalanmalar üçün əlverişli vaxt olar. Çünki nə qədər ki, bu məsələ uzansa, Paşinyan üçün təhlükələr artacaq — daxili və xarici təhlükələr, radikal müxalifət və ona dəstək verən Rusiyadakı müəyyən qüvvələr Paşinyanı devirməyə çalışa bilərlər. Ona görə Nikol Paşinyanın da xeyrinədir ki, həm parlament seçkilərini, həm də konstitusiya dəyişikliyini erkən zamana çəksin".

Xalidə Gəray
Musavat.com

Chosen
51
1
musavat.com

2Sources