Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Vətənim
Qəlbimdə çağlayır çılğın tufanlar,
Gözümdə qüdrətdən qığılcım parlar,
Könlümdə bir bulaq qaynayıb, çağlar,
Mənbəyi mənsubdur sənə, vətənim!
Gənclik, həyatın ən şirin çağı,
Mərdlik, məşəlin sönməz çırağı,
Kamillik, insanın nəqşi-növrağı,
Gözəllik, məxsusdur sənə, vətənim!
Adına qoşulmuş, gör, neçə şeir,
Bülbüllər sevgindən odlanıb deyir:
“Sənin qüdrətinlə vuran könüllər,
Sükuta qərq olar sənsiz, vətənim!”
***
Yenə
Gecələr sayrışan ulduzlar kimi,
Qaçardıq şəhərin küyündən yenə.
Sabahlar axşama qarışan kimi,
Qarışdı düşüncəm hüsnünlə yenə.
Axsa da gözümdən yuxu yaşları,
Xəyalın gəlmədən yatmıram yenə.
Can yaxan gözləri, kaman qaşları,
Özgə bir gözələ satmıram yenə.
Keçəcək bəlkə də, illərin çoxu,
Könlümü kimsəyə açmaram yenə.
Əsirtək boynumda ilahi qoxun,
Düşdüyüm tilsimdən qaçmaram yenə.
Rast gəlib oxusan, Şakirdən şeir,
Sətirlər nəql edər eşqimi yenə.
Bilsəm ki, bəxş edib yarıma xeyir,
Açaram bulaqtək çeşmimi yenə.
***
Vaqif Səmədoğlunun “Heç kəsə demə” şeirinə nəzirə
Gözdən pərdə asmışam,
Qəlbimdən daş asmışam
Kinə qulaq asmışam.
Heç kəsə demə.
Daş qəlblilər içində
Ən soyuq bir biçimdə
Uşaq ölüb içimdə
Heç kəsə demə.
Öz yolumdan azmışam
Sən demə, ayazmışam
Qızmar şeir yazmışam
Heç kəsə demə.
***
Sabahın
İnsan gərək, üstün tutsun xeyiri,
Bir də gördün, açılmadı sabahın.
Şair, sən də üstün tutdun şeiri,
Sən yazdıqca, açılmadı sabahın?
Susqunluqdan qulaqların kar olub,
Yalnızlıqdan könül çevrən dar olub,
Güvəndiyin dağlar başı qar olub,
Hədər gedib keçmiş, qalıb sabahın.
Bir ömür ki haqlayıbdır yarını,
Tapmayıbdır həyatının yarını,
Kənan əgər düşünürsə yarını,
Nə bilir ki, var olacaq sabahın?
***
Bayram günü
25 dekabrda Bakı-Qroznı reysini yerinə yetirən
“Emraer 190” tipli sərnişin təyyarə qəzasında
həlak olan soydaşlarımıza ithaf edirəm
Qurulmuş min cürə nemətlə yenə
Stullar gözləyir bir kimsə enə.
Doğmalar oturan masada demə,
Doğmasız qalacaq bu bayram günü
Keçməyir boğazdan bir tikə belə
Ağsaqqal yoxdu ki, bir tikə bölə,
Bir yıxan qalıb ki, bir tikən ölə?
Ocaqsız qalacaq bu bayram günü.
Bu axşam süfrədə oturmuşam tək
Yeməklər soyuyub, çörəyimiz bərk
Yeməyi yeməyib kim edəcək tərk?
Onlarsız qalacaq bu bayram günü.
***
Qar yağır
Qar yağır:
Əllərim həsrətlə donur,
Külək əllərilə boğur,
Nəfəsim şaxta qoxur.
Qar yağır:
Yenə gəzirəm papaqsız,
Çovğun səntək amansız,
Qış ötüşmür yamansız.
Qar yağır:
Söndürür eşq ocağımı,
Çartladır süst dodağımı,
Küləkdən al sorağımı.
Qar yağır:
Soyuq döyür pəncərədən,
Məst alıram mənzərədən.
Hey baxıram mərtəbədən.
Qar yağır:
Oynayırdıq yığışaraq,
Sevinirdik çığıraraq,
İsinirdik sığınaraq.
Qar yağır:
Sətirlərim ağappaq,
Heyif günəş açacaq,
Qar əriyib axacaq...
***
Nə yazar
Can evimdə bir yanğın var sönməyən
Yollar çəkən bir cüt göz var dönməyən
Təbim var ki, hey yazdıqca ölməyən
Amma di, gəl, nə şairəm, nə yazar.
Ölüm məni haqlayanda gələsən
Əcəl məni cəngə alsa, görəsən
Buz tutmuş dodaqlardan öpəsən
Ölü bədənə can versən nə yazar?
Keçər sənsiz neçə həftə, neçə ay
Sənsiz qışam, varlığınsa, mənə yay
Kimsəsizəm, çarə yoxdur mənə, day
Dərdlərimə dərman olsan, nə yazar?
Şakir bilir, hər aşiqin dərdini
Sevgisinə sadiq qalan mərdini
Sənsiz neylər o, Allahı, ya dini?
Ruhən əlil olan kəsə nə yazar?
Şeirlərin müəllif: Kənan Şakir,
Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.