ABŞ-da hökumətin maliyyələşdirilməsi ilə bağlı razılıq əldə olunmazsa, şatdaun baş verə bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz demokratlarla danışıqları davam etdirəcəyik, amma bir müddət ölkə bağlı ola bilər. Silahlı qüvvələrə və sosial ödənişlərə diqqət yetiriləcək. Amma şatdaun zamanı demokratların müdafiə etdiyi bir sıra proqramları ödəmək mümkün olmayacaq”, – deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Senat əvvəlcə respublikaçılar və demokratlar tərəfindən təqdim olunmuş qanun layihələrini təsdiqləməyib. Respublikaçıların layihəsi 48 səs, demokratların layihəsi isə 47 səs toplayıb, beləliklə hökumətin işini davam etdirmək üçün lazım olan 60 səs çatmayıb.
Qeyd edək ki, Tramp mart ayında maliyyələşdirməni maliyyə ilinin sonuna qədər təmin edən qanunu imzalamışdı. 1977-ci ildən bəri ABŞ-da hökumətin maliyyələşdirilməsindəki narazılıqlar nəticəsində 20-dən çox şatdaun baş verib. Ən uzun şatdaun 2018-ci ilin dekabrından 2019-cu ilin yanvarına qədər 35 gün davam edib.