EN

"Formula 1": Azərbaycan Qran-prisi müasir klassikaya çevrilib

"Formula 1" yarışları arasında həm tarixi, həm də sürət dinamikasını özündə birləşdirən azsaylı Qran-prilərdən biri də Azərbaycan Qran-prisidir. Son illərdə Bakı yarışı artıq müasir klassika kimi tanınmağa başlayıb.

Milli.Az xəbər verir ki, "Formula 1"in rəsmi səhifəsində dərc olunan məqalədə Azərbaycan Qran-prisinin xüsusi atmosferi vurğulanıb.

Məqalədə qeyd olunur ki, Bakı treki qısa zamanda həm azarkeşlər, həm də mütəxəssislər arasında ən maraqlı və gözlənilməz nəticələr vəd edən yarış kimi tanınıb:
"Azərbaycan Qran-prisi özünəməxsus mühiti ilə seçilir və bu da yarışa xüsusi rəng qatır. Elə bu fərqlilik də Bakını digərlərindən ayırır", - deyə məqalədə bildirilir.

Yazıda həmçinin vurğulanıb ki, paytaxtın mərkəzindən keçən trek əsl vizual şou təqdim edir. Maşınların UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan İçərişəhərin yaxınlığından, Xəzər sahili və Alov Qüllələrinin ətrafından sürətlə keçməsi tamaşaçılar üçün unudulmaz mənzərə yaradır.

Məqalədə əlavə olunub ki, Bakı trekinin tarixi təhlükəsizlik maşınlarının tez-tez meydana çıxması, qəzalardan sonra yaşanan həyəcanlı anlar və yarışın taleyini dəyişən dramatik hadisələrlə yadda qalıb.

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 19-da start götürüb.

Chosen
48
milli.az

1Sources