EN

Uqanda Dövlət Prokurorluğunun direktoru Azərbaycanda səfərdədir

Uqanda Respublikasının Dövlət prokurorluğunun direktoru Odumbi Ceyms Overin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Baş Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, sentyabrın 20-də Baş prokuror Kamran Əliyev Odumbi Ceyms Overin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Uqanda arasında qarşılıqlı dəstək və müxtəlif sahələrdə, o cümlədən hüquqi əməkdaşlıqla bağlı möhkəmlənən yüksək səviyyəli tərəfdaşlıq münasibətləri xüsusilə vurğulanıb.

Azərbaycanın “ASAN xidmət” modelinin Uqandada uğurla tətbiqindən söz açan Baş prokuror Kamran Əliyev Qoşulmama Hərəkatı (QH) çərçivəsində ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğunu vurğulayıb.

Bundan başqa, Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və təşəbbüskarlığı ilə ölkəmizin QH-nin son sədri kimi Uqanda ilə Hərəkatın prinsiplərinin təşviqində sıx əməkdaşlıq etdiyini qeyd edib, eləcə də hazırda Uqandanın QH-ın sədri olduğu dövrdə də bu əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Odumbi Ceyms Over təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Uqanda Respublikasının Baş Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb.

Tərəflər imzalanmış Anlaşma Memorandumunun institusional münasibətlərdə tarixi mərhələ təşkil etdiyini vurğulayaraq Anlaşma Memorandumunun prokurorluqlar arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini ifadə edib.

Qonaqlar, həmçinin Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Chosen
23
12
operativmm.az

10Sources