EN

“Osaka 2025” sərgisini ziyarət edənlərin sayı 20 milyonu ötüb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Pekin, 20 sentyabr, AZƏRTAC

Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda keçirilən “Ekspo 2025” sərgisini ziyarət edənlərin sayı 20 milyonu ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə sərginin təşkilat komitəsi məlumat yayıb. Aprelin 13-də açılan sərginin gündəlik ziyarətçi sayı orta hesabla 100 min təşkil edib. Amma avqustun ortasından sonra gündəlik ziyarətçi sayı 150 min olub. Son həftə isə bu rəqəm 200 minə yüksəlib.

Qeyd edək ki, aprelin 13-də başlayan “Osaka Ekspo 2025”də 158 ölkə təmsil olunur. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan milli pavilyonu “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (“Connecting Lives”) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (“Seven bridges for sustainability”) mövzusunu əhatə edir. Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanıb. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və davamlı inkişafa bağlılığı, eyni zamanda, dialoqa açıqlığı nümayiş olunur. Ziyarətçilər pavilyondakı səyahətlərinə nəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlif istiqamətlərlə - mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət, memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman və turizm sahələri ilə tanışlıqla başlayırlar. Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən “Dostluq ağacı” da yer alır. Sərgi çərçivəsində iyunun 5-də Azərbaycan Milli Günü keçirilib.

Oktyabrın 13-dək sərgini 28 milyon nəfərin ziyarət edəcəyi gözlənilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
2
azertag.az

3Sources