EN

Xaricdə təhsil almağa kimlər gedir?

Son illər gənclərimiz arasında xaricdə təhsil almağa maraq artıb, amma təkcə bu ilin müvafiq dövründə xaricdə təhsil alan 491 nəfərin diplomu tanınmayıb. 

Onların bir qismi “beyin axını”dır, yəni yaxşı oxuyan şagirdlər daha keyfiyyətli təhsil əldə etmək istəyir. Digərləri maddi imkanı olduğu üçün gedir. Bəziləri isə ölkədə kifayət qədər bal toplaya bilmədiyi üçün xaricə üz tuturlar. Amma nəticə həmişə ürəkaçan olmur. 

Çünki bəzi xarici universitetlərdən alınan diplomlar Azərbaycanda tanınmır. Nə qədər xəbərdarlıq edilsə də, bəzi gənclər yenə də həmin təhsil müəssisələrini seçir və sonra isə diplomlarını təsdiqlətməkdə ciddi problemlərlə üzləşirlər. 

Bəs xaricdə təhsil alanlar daha çox kimlərdir? Gənclərimizi xaricdə oxumağa vadar edən əsas səbəblər hansılardır? 

 “Cümhuriyət”-ə açıqlamasında təhsil eksperti və mütəxəssisi Qoşqar Məhərrəmov bildirib ki, gənclər müxtəlif səbəblərə görə ali təhsilini xaricdə almağa üstünlük verirlər. Ekspert qeyd edib ki, bunun başlıca səbəbi daha keyfiyyətli təhsil əldə etməkdir: 

“Məlumdur ki, xaricdə daha zəngin təcrübəyə, müasir infrastruktur imkanlarına və əmək bazarının tələblərinə uyğun təhsil sistemi mövcuddur. Belə olan halda tələbə niyə yerli universitetlərdə oxumağı seçsin? 

Təəssüf ki, ölkəmizdəki ali təhsil müəssisələrinin əksəriyyəti hələ də Sovet sistemindən qurtula bilməyib. Bu, müəllimlər, auditoriya, tədris metodlarında özünü göstərir. Hələ də Sovet ənənəsindən qalma sari mühazirə vərəqləri ilə dərs keçmək geniş yayılıb. 

Ona görə də tələbələrin əmək bazarının ehtiyac duyduğu səriştə və bacarıqları qazanmaq üçün daha inkişaf etmiş ali məktəblərə üz tutması təbii haldır. Bunu sadəcə dəstəkləmək və alqışlamaq lazımdır”. 

Qoşqar Məhərrəmovun sözlərinə görə, hər bir tələbə xaricdə təhsil almağa müxtəlif səbəblərlə üz tutur: 

“Gənclərin bəziləri daha keyfiyyətli təhsil əldə etmək üçün, bəziləri isə Azərbaycanda ali məktəbə qəbul ola bilmədiyi, balı çatmadığı üçün xaricə üz tutur. Digər bir qrup isə sadəcə maddi imkanları yüksək olduğuna görə xaricdə oxumağı seçir. 

Əslində hər birinin diqqət etməli olduğu əsas məsələ xaricdə aldıqları təhsilin Azərbaycan dövləti tərəfindən tanınıb-tanınmamasıdır. Bu isə çox rahatdır. Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin (TKTA) rəsmi saytına daxil olaraq orada qeyd olunan universitetlərin siyahısına baxmaq lazımdır. 

Tələbə həmin siyahıda seçdiyi universitetin öz ölkəsinin akkreditasiya qurumları tərəfindən tanınıb-tanınmadığını və beynəlxalq akkreditasiya qurumundan keçib-keçmədiyini yoxlamalıdır. Çünki ali təhsil müəssisəsi kimi lisenziyası olmayan bir qurumdan alınan diplomun heç bir mənası yoxdur. Tələbələr həqiqətən də gedib orada əyani surətdə təhsil almayıblarsa, aldığı təhsilin və ya əldə etdiyi diplomun hər hansı bir əhəmiyyəti yoxdur”. 

Mütəxəssis bildirib ki, tələbələrin əsas diqqət etməli olduğu məsələ aldıqları diplomun tanınmasıdır: 

“Tələbə başa düşməlidir ki, əgər o, həqiqətən xaricdə ali təhsil alırsa, dərslərdə iştirak edir, tədris dilini bilir və universitet rəsmi olaraq öz ölkəsində qeydiyyatdan keçibsə, aldığı diplomu Azərbaycanda rahatlıqla təsdiqlədə biləcək. 

Amma saxtakarlıq edirsə, yəni əslində universitetə getməyib öz rayonunda olubsa, hardansa bir yerdən diplom alıb və bu diplomu tanıtmaq istəyirsə, bu növ saxtakarlıqlarla əldə olunan diplomlar, əlbəttə ki, tanınmamalıdır. Çünki bu insanlar əmək bazarına daxil olur. Əmək bazarında isə normal səriştəli, dürüst, düzgün insanlar yer almalıdır. 

Digər tərəfdən, istər “beyin axını” çərçivəsində, istərsə də müxtəlif səbəblərlə xaricə gedən tələbələrin daha yaxşı,  xüsusilə dünyanın TOP-100 və ya TOP-500 universitetlərində təhsil alması yalnız dəstəklənməli və alqışlanmalıdır”. 

Qoşqar Məhərrəmov vurğulayıb ki, son illər Azərbaycan universitetləri tədricən beynəlxalq reytinqlərdə görünməyə başlayıb: 

“Azərbaycan universitetləri yeni-yeni reytinqlərə qoşulur və dünya reytinq cədvəllərində görünməyə başlayır. Amma bu reytinqlər belə hələ universitetlərimizin yüksək keyfiyyətli təhsil verdiyindən tam şəkildə xəbər vermir. Buna görə də tələbələrin inkişaf etmiş ölkələrdə- Qərbi Avropa, ABŞ, Sinqapur, Çin, Yaponiya, Avstraliyada təhsil alması dəstəklənə və alqışlana bilər. Hətta bəzi Körfəz ölkələrində də keyfiyyətli universitetlər var və orada təhsil almaq müsbət hal kimi qiymətləndirilə bilər”. 

Onun sözlərinə görə, əsas məsələ tələbələrimizin bu prosesdə düzgün istiqamətləndirilməsidir: 

“Düşünürəm ki, tələbələmizi bu prosesdə yönləndirmək lazımdır. Daha çox maarifləndirici videoçarxlarınhazırlanmasına, maarifləndirici posterlərinyayılmasına ehtiyac var ki, tələbələr saxtakarların əlində oyuncağa çevrilməsinlər. 

Təəssüf ki, bəzən valideynlər və şagirdlər məlumatsızlıqları ucbatından dırnaqarası “xaricdə təhsil şirkətləri”nin və ya qeyri-peşəkar “mütəxəssislərin” tələsinə düşürlər. Bunun qarşısını almaq üçün maarifləndirmə işləri gücləndirilməli, tələbələr və ailələr məlumatlandırılmalıdırlar”. 

Chosen
28
1
cebheinfo.az

2Sources