Bax, futbolun bu şeytani üzündən, dəlisovluğundan, hoqqabazlığından ötrü sinov gedirəm də; komandan bir sürpriz qələbə qazanır, əl atırsan kağız-qələmə, telefonda təqvimi tapırsan, turnir perspektivlərini hesablamağa başlayırsan. İndi mən də bir çox azərbaycanlı azarkeş kimi Yerin Günəş ətrafındakı hərəkətinin sürətlənməsini, oktyabrın ilk gününün bir an öncə gəlməsini istəyirəm. Gəlsin e, gəlsin! Yaxşı, niyə gəlsin?
“Qarabağ” “Benfika”nı məğlub etməklə gözlənilmədən 3 xal qazandı. Növbəti rəqib isə “Kopenhagen”di. Köhnə tanış, son illərdə qitədə adından söz etdirən Danimarka çempionu. Liqa mərhələsinin ilk turunda “Bayer-04”ə qan udduran, qələbəni yalnız 90+2-ci dəqiqədə əldən verən “Kopenhagen”. Əlbəttə, bu komanda yetərincə güclüdü. Ancaq kimsə demir ki, inişil “Qarabağ” da leverkuzenliləri eyni vəziyyətə salmışdı, biz də hər iki oyunda məhz son dəqiqə qolları ilə uduzmuşduq. Sözümün canı odu ki, “Kopenhagen”in yox, “Qarabağ”ın gücünə fokuslanaq. Marko Yankoviçin uzunmüddətli zədəsi heç yerinə düşməsə də...
Yaxşı, “Kopenhagen”i udmaq bizim nəyimizə lazımdı? Ona görə ki, “Qarabağ”ın qarşısında çox parlaq turnir perspektivi açılıb, hadisələrin axarı Azərbaycan çempionunu hətta ilk 24 komanda arasına sala bilər. Çətindi, ağırdı, amma mümkündü! Həvəsləndiyinizi görürəm, odu ki, şən və əyləncəli hesablamanı davam etdirmək istəyirəm. “Kopenhagen” üzərində mümkün qələbə “Qarabağ”ın xalını 6-ya çatdıracaq. Bundan sonra isə ilk 24 komanda sırasına düşmək üçün yalnız və yalnız 5 xal lazımdı! Bəli-bəli, 6 oyunda 5 xal! Bəli-bəli, “Atletik”, “Çelsi”, “Napoli”, “Ayaks”, “Ayntraxt” və “Liverpul” ilə oyunlarda 5 xal! Kim nə deyir-desin, mən bunlardan yalnız “Liverpul”, “Çelsi” və “Napoli”ni keçilməz sayıram. Amma “Atletik”, “Ayaks” və “Ayntraxt” da var. “Qarabağ” indi yox, uzaq 2013-də “Ayntraxt”dan səfərdə xal almağa yaxın idi, “Şamaxı” (yəni keçmiş “İnter”) 2015-də “Atletik”dən xal alıb. Bir sözlə, rəqibləri gözümüzdə böyütməsək, hər şey yaxşı olacaq.
Sual verə bilərsiz ki, yaxşı, niyə sən 5 xalın üzərində dayanıbsan, bəlkə az, bəlkə çox yığacağıq? Təki elə bundan da artıq xal yığaq, istəməyənin gözü çıxsın! Sadəcə, 11 xalın da bir hikməti var!
ÇL-in ötən mövsümündə “Mançester Siti”, “Sportinq” və “Brügge” məhz bu qədər xalla növbəti mərhələyə adlayıb. Hətta onda “Qarabağ”ı ÇL-dən uzaqlaşdıran Zaqreb “Dinamo”su da 11 xal toplayıb, yalnız top fərqinə görə mübarizəni Liqa mərhələsində dayandırıb. Yəqin 11 xalın hikməti hər kəsə aydın oldu...
İndi isə lap primitiv-formal məntiqin dəlilləri əsasında mühakimə yürüdək. “Qarabağ” bu rəqibi 2017-də evdə məğlub edibsə, niyə həmin uğuru təkrarlamasın ki?! İstənilən halda Ağdam klubu həmin dövrlə müqayisədə zəif deyil. Hətta bəlkə də güclüdü. Deməli, oktyabrın 1-də inanılmaz hədəfə doğru daha bir addım ata bilərik. “Kopenhagen”i udmaq bizə, daha dəqiqi, “Qarabağ”a çox lazımdı!
HUŞƏNG