EN

İcra başçıları daha bir səlahiyyətini itirdi: Dəyişən nə olacaq?

Rayonlarda da dayanacaq məntəqələri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən quraşdırılacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb və bu məqsədlə vahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur.

Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, digər ərazilərdə zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək səlahiyyəti isə yerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir.

Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsinin, onların quraşdırılmasının, idarə edilməsinin və saxlanılmasının vahid qurum tərəfindən təmin edilməsi bölgələrdə əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artmasına, bu sahədə ölkə üzrə vahid standartların tətbiqinə xidmət edəcək.

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev hesab edir ki, AYNA-nı bu qədər yükləmək doğru qərar deyil. Mövzunu “Yeni Müsavat”a şərh edən ekspert bildirib ki, Bakı, respublikanın digər şəhər və rayonlarının nəqliyyat sistemi ayrı-ayrı idarə olunmalıdır: 

“AYNA heç Bakıda öz işini doğru-düzgün yerinə yetirə bilmir. Məsələn, konkret misal çəksəm, Zığ yaşayış kompleksində dayanacaq giriş-çıxış yerində küncdə qoyulub. Avtobuslar düz döngədə saxladığı üçün sürücülərin sağı-solu görə bilmirlər, bu da qəza şəraiti yaradır. Bəzi hallarda vətəndaşlar da sürücülərin yolu görməsini məhdudlaşdırır. Dayanacaqlar döngələrdən müəyyən məsafə kənarda qurulmalıdır. Bakı şəhərində problemləri həll etməmiş rayonlardakı səlahiyyətləri də bir quruma yükləmək absurd haldır. Yəqin ki, AYNA özü səlahiyyətlərinin artırılmasında maraqlıdır. Hesab edirəm ki, bu, düzgün deyil. Bakı böyük şəhərdir, günü-gündən də böyüyür. Sosial şəbəkələrdə vətəndaşlar tərəfindən tez-tez şikayətlər, narazılıqlar bildirilir. Fikrimcə, Bakı Nəqliyyat Agentliyi daha yaxşı işləyirdi. Dayanacaqların yenilənməsi üçün çox böyük vəsait lazımdır. Avtobus dayanacaqları quraşdırılarkən mütəxəssislərə müraciət olunmalıdır”.

A.Nəbiyevin fikrincə, rayonlarda taksi dayanacaqları ilə bağlı problem o dərəcədə də böyük deyil: “Sahə həddən artıq böyükdür, məskunlaşma isə geniş deyil. Bir neçə şəhərdə taksi ilə bağlı problem ola bilər, amma heç yerdə Bakı şəhərindəki kimi xaos yoxdur. Yol hərəkətinin təşkilində ciddi problemlər var. Bu problemlərin aradan qaldırılması üçün mütəxəssislər tərəfindən dəqiq ölçmələr aparılmalıdır. Məsələn, ikitərəfli yollarda yol cibləri olmalıdır ki, avtobuslar dayanacağa daxil ola bilsin, bu zaman hərəkətə maneə yaranmasın. Məsələn, Bakıxanov ərazisində bununla bağlı ciddi problem var. Avtobus dayanan kimi bütün yol dayanır”. 
 

Chosen
1
1
hit.az

2Sources