Məlum olduğu kimi, Misli premyer-liqasının 4-cü turunda “İmişli” “Sumqayıt”a qalib gəlsə (1:0) də, protokolda adı olmayan İbrahim Əliyevi meydana buraxdığı üçün AFFA İntizam Komitəsinin qərarı ilə texniki məğlubiyyətlə üzləşib. Maraqlıdır ki, İmişli təmsilçisi bu qərardan narazıdır. Klubun icraçı direktoru Aqşin Mürsəlov “Football-plus.az”a açıqlamasında İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına şikayət edəcəklərini açıqlayıb. Hətta daha da uzağa gedərək bildirib ki, bu müraciət də müsbət nəticə verməsə, klub Lozannada yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) üz tutacaq. Anlaşılan deyil ki, "İmişli" rəhbərliyi nə etmək istəyir. Tənqid edəndə inciyirlər ki, bizi niyə tənqid edirsiniz. Tənqid etmirik, sadəcə, demək istəyirik ki, düzgün yolda deyillər. Çempionatın əsasnaməsi var və onu pozan şəxs, yaxud klub kodeksə uyğun olaraq, cəza alır. "İmişli" də qaydaları pozaraq sifariş ərizəsində adı olmayan futbolçunu meydançaya buraxıb. Bunun da cəzası 0:3-lük texniki məğlubiyyətdi. Eyni cəzadan "Qarabağ"a da kəsilib, "Zirə"yə də. Məsələn, "Qarabağ" bir dəfə "Səbail"i məğlub etsə də, Qurban Qurbanov sifariş ərizəsində adı olmayan Abbas Hüseynov meydançaya buraxdığı üçün "Qarabağ"a 0:3-lük məğlubiyyət və 8 min manat pul cəzası kəsilmişdi. Həmin vaxt "Qarabağ" bunu normal qəbul etdi və heç bir hay-küy qaldırmadı. Adamlar başa düşdülər ki, səhv ediblər və haqq etdikləri cəzanı da alıblar. Dərd odur ki, "İmişli" israrla səhvini boynuna almaq istəmir və hələ də düşünür ki, onlara qarşı qərəz var. Deyirlər ki, texniki səhvdi, bağışlamaq olar. Elə deyil, cənablar, zəlzəldədən və ya vəlvələdən, səhv səhvdi. Cərimə meydançasında arxadan ayağa zərbə birmənalı penaltidir. Hakim demir ki, bu futbolçu zərbəni istəməyərəkdən vurdu, gəlin onu bağışlayaq. Əlbəttə, heç kim istəməz ki, adı sifariş ərizəsində olmayan futbolçunu meydançaya buraxıb halal mübarizə ilə əldə etdiyi 3 xalı itirsin. Təbii ki, bu, baş veribsə, deməli texniki səhv, yaxud məsuliyyətsizlik olub. Cəzasını da çəkmək lazımdır. Belə qərardan apellyasiya şikayəti vermək peşəkar yanaşma deyil. Hələ üstəlik, AFFA-nı Lozanna ilə hədələmək. CAS-a şikayət edib nə deyəcəksiniz, deyəcəksiniz ki, məsuliyyətsizlik etdiyimiz üçün bizə texniki məğlubiyyət veriblər, xalımızı geri qaytarın? Həmin qurum buna gülməz? Özünüzü gülünc vəziyyətə salarsınız, etməyin belə şeylər. Əksinə, çalışın bundan sonra bu cür səhvlər etməyin. Komanda yaxşı oynayır, əzmkarlıqla xallar qazanır, növbəti dəfə bu cür texniki səhvə qurban getməsinlər.