EN

Məhlə futbolu tarixə qovuşur: Uşaqlar harada top qovsunlar? TƏHLİL

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

“Qarabağ”ın Çempionlar Liqasındakı möhtəşəm qələbəsi milli komandanın utopik oyunları fonunda bizi bir daha yerli futbolun gələcəyi barədə düşündürdü. Kimsə deyə bilər: “Bəs Ukrayna ilə oyun necə oldu?” O, daha çox futbolçuların portuqaliyalı baş məşqçi Fernandu Santosdan kiçik bir qisası idi. Çünki onun rəhbərliyi altında keçirdiyimiz 11 oyunda yığmamız ard-arda xalqın sərt tənqidlərinin hədəfinə çevrilmişdi.

Əslində sual eynidir: Azərbaycan futbolunun gələcəyi necə olacaq, əgər onun bu gününün özü belə demək olar ki, mövcud deyilsə? Bu gün – ayrı-ayrı klubların səs-küylü, amma ötəri qələbələri və ya milli komandaya yerli mütəxəssisin gətirilməsi deyil. Ən əsası – daha geniş, daha ciddi məsələlərdir.

Bu gün dedikdə ilk növbədə şəhərlərimizdə, xüsusən Bakıda futbol meydançalarının yoxluğu nəzərdə tutulur. Ən sıx məhəllələrdə belə uşaqlar üçün oyun meydanı qalmayıb. İstisna olaraq AFFA və IDEA-nın dəstəyi ilə bir neçə həyətdə tikilən kiçik meydançalar mövcuddur ki, onlar da ümumi mənzərəni dəyişmir. Halbuki, 40 il əvvəl Bakı stadionlarla, məktəb həyətlərindəki oyun meydançaları ilə zəngin idi. İndi isə onların yerində hündürmərtəbəli binalar, marketlər və “Şadlıq evləri” var. Əgər heç nə tikilməyibsə, həmin yerlər sadəcə avtodayanacağa çevrilib.

Məsələn, mənim uşaqlığım keçdiyi Yeni Əhmədli qəsəbəsində hər məktəbin yanında stadion vardı. İndi hanı onlar? Məktəblərdə idmanın sevimli fənn olduğu dövrlə birgə itib-batdı. O vaxt ən azı açıq havada voleybol və basketbol oynamaq imkanı vardı, futboldan danışmıram belə. Daha acınacaqlısı isə odur ki, hətta qanunsuz tikililərə qarşı mübarizə aparmalı olan nazirliyin binası belə bir vaxtlar məktəb stadionunun yerində inşa edilib.

Belə olan halda biz futbolun gələcəyindən necə danışa bilərik? Uşaqlar sevdikləri oyunu oynamağa yer tapmır, böyüklər isə mini stadionlarda oynamaq üçün hər il artan qiymətlər ödəməyə məcburdur. Bir neçə il əvvəl saatı 20 manata icarəyə götürülən meydançada indi 50 manata belə oynamaq olmur. Axı, hansı inkişafdan danışırıq?

Həvəskarlar bir yana, peşəkar futbolçular belə əziyyət çəkir. Premyer Liqa oyunlarının meydançalarının keyfiyyəti illərdir müzakirə olunur. Avrokuboklarda qarşımıza çıxan xarici klubların nümayəndələri də dəfələrlə bu barədə danışıb. Amma dəyişən heç nə yoxdur. Bakıdakı bir neçə stadion, Sumqayıt və Qəbələdəki arenalar istisna olmaqla, ölkədə Avropa standartlarına cavab verən meydança yoxdur.

Belə vəziyyətdə biz yalnız ayrı-ayrı uğurlara sevinə bilərik – istər klub, istərsə də milli səviyyədə. Davamlı inkişaf üçün isə ilk növbədə uşaqların futbol oynaya biləcəyi şəraitin yaradılması şərtdir. Əks halda bizə qalan yalnız şadlıq evləri və supermarketlər olacaq.

Vüqar Vüqarlı

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
1
icma.az

2Sources