EN

Akademik Rəfiqə Əliyevanın böyüklüyü onun sadəliyində idi BDU nun dosenti xatirələrini bölüşür

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycanın görkəmli alimi, akademik Rəfiqə Əliyeva bütün həyatını kimya elminin inkişafına həsr edib, bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfələr verib. O, elmi fəaliyyətini analitik kimyanın aktual problemlərinin həllinə yönəltmiş, bu sahənin nəzəri və praktiki əsaslarını dərinləşdirərək yeni elmi istiqamətlərin formalaşmasına zəmin yaratmışdır. Rəfiqə xanım həm də fədakar pedaqoq, bacarıqlı təşkilatçı kimi tanınıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyevanın akademik Rəfiqə Əliyeva haqqında məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Rəfiqə xanım Əliyeva kimyanın müxtəlif sahələrində apardığı tədqiqatlarla elmin nəzəri və praktiki istiqamətlərinə mühüm töhfələr verib. Alimin tədqiqatlarında əsas diqqət analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı qarşılıqlı asılılıqların müəyyənləşdirilməsinə yönəlmişdi. Bu istiqamətdə apardığı elmi işlər analitik kimyanın fundamental əsaslarının dərinləşdirilməsində və yeni metodların işlənib-hazırlanmasında mühüm rol oynayıb.

Akademik Rəfiqə Əliyevanın tədqiqatları yeni elmi metodların işlənib-hazırlanmasına imkan yaradıb

Görkəmli alim uzun illər ərzində tələbələrə kimya elminin əsaslarını tədris edib, yeni nəsil alim və pedaqoqların formalaşmasında yorulmadan çalışıb. Onun rəhbərliyi və iştirakı ilə keçid elementləri və nadir torpaq elementlərinin fotometrik üsulla təyini və onların qatılığının araşdırılması sahəsində mühüm tədqiqatlar aparılıb. Bu sahədə əldə olunmuş nəticələr bir çox praktiki məsələlərin həllinə töhfə verib.

Akademik Rəfiqə Əliyevanın elmi irsi çoxşaxəlidir və müxtəlif tədqiqat istiqamətlərini əhatə edir. Onun analitik kimya sahəsində apardığı əsas tədqiqatlar kompleks birləşmələrin quruluşu ilə bu birləşmələrin analitik təyinetmə reaksiyaları arasında olan əlaqələrin sistemli şəkildə öyrənilməsinə həsr olunub. Bu istiqamətdə əldə edilən nəticələr analitik proseslərin daha dərindən anlaşılmasına və yeni metodların işlənib-hazırlanmasına imkan verib.

Onun rus alimi, akademik Nikolay Basargin və ukraynalı professor İqor Pyatnitski ilə birgə apardığı elmi tədqiqatlar — xüsusilə fotometrik analiz üsullarının təkmilləşdirilməsi, keçid və nadir torpaq elementlərinin yüksək dəqiqliklə təyini, onların həssas qatılıqlarının müəyyənləşdirilməsi sahəsindəki işləri — analitik kimyada yeni yanaşmaların və metodoloji istiqamətlərin əsasını qoyub. Sözügedən mövzular üzrə əldə olunmuş nəticələr dünyanın bir çox nüfuzlu elmi jurnallarında birgə məqalələr şəklində dərc edilib, beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Bu tədqiqatların nəticələri yalnız nəzəri deyil, praktiki baxımından da böyük əhəmiyyət kəsb edib, ətraf mühitin monitorinqi və sənaye proseslərində keyfiyyətə nəzarət üçün mühüm elmi baza yaradıb. Sənaye tullantı sularının tərkibindəki metalların miqdarını dəqiq müəyyən etmək, ətraf mühitə zərərli təsirlərin azaldılması və monitorinq sistemlərinin elmi əsaslarla qurulması baxımından bu işlər mühüm əhəmiyyət kəsb edib. Beləliklə, Rəfiqə xanımın adı yalnız analitik kimyanın inkişafında deyil, həm də ekoloji təhlükəsizliyin təminində əhəmiyyətli rolu olan elmi nailiyyətlərlə birgə çəkilir.

Hər bir tələbəyə fərdi yanaşma - əsl müəllim nümunəsi

Rəfiqə xanım təkcə elmi fəaliyyətində deyil, həm də pedaqoji sahədə mühüm xidmətləri ilə yadda qalıb, əsl müəllim nümunəsi olub. Onun ali təhsil sisteminin — xüsusilə də kimya üzrə ali məktəb təhsilinin təkmilləşdirilməsində oynadığı rol danılmazdır. Rəfiqə xanım yüzlərlə tələbənin, magistrantın və aspirantın elmi yolunun formalaşmasında əvəzsiz rol oynayıb, hər birinin inkişafına fərdi yanaşma ilə dəstək olub.

Bu xoşbəxt tələbələrdən biri də mən olmuşam. Rəfiqə xanımın rəhbərliyi altında çalışmağım, ondan elm öyrənməyim həyatımda həm şərəf, həm də dərin məsuliyyət hissi doğuran bir mərhələ olub. Onun elmi məktəbinin bir parçası olmaq mənim üçün qürur mənbəyidir.

Rəfiqə xanım yalnız fənn biliklərini aşılamırdı; o, tələbələrinə elmi düşünmək, araşdırmaq, nəticə çıxarmaq və analitik yanaşma bacarıqlarını da öyrədirdi. Onun dərslərində təkcə mövzu deyil, bütöv bir elmi dünyagörüşü formalaşırdı. O, tələbələrinin sadəcə mütəxəssis deyil, kamil bir şəxsiyyət kimi yetişməsi üçün əlindən gələni edirdi.

Bütün ömrünü kimya elminə həsr edən Rəfiqə xanım yalnız alim deyil, eyni zamanda, öyrətməyin, paylaşmağın, insan yetişdirməyin simvoluna çevrilmiş nadir şəxsiyyətlərdən biri idi.

Rəfiqə xanım Əliyevanın bir sıra tədqiqatları bilavasitə ətraf mühitin mühafizəsi ilə bağlı olmuş, eyni zamanda, üzvi reagentlər vasitəsilə metalların təyini və onların ayrılması metodlarının işlənib hazırlanmasına yönəlmişdi. Onun ekologiyanın aktual problemləri üzrə apardığı elmi araşdırmalar bu sahənin ölkəmizdə inkişafına mühüm töhfələr verib.

Akademik R.Əliyeva keçid və nadir torpaq elementlərinin fotometrik üsulla təyini və onların konsentrasiyalarının öyrənilməsi istiqamətində də dəyərli tədqiqatlar aparıb. Bu araşdırmalar analitik kimyanın tətbiqi aspektlərini genişləndirməklə yanaşı, eyni zamanda, ekoloji təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edib.

2001-ci ildə Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Ekoloji kimya və ətraf mühitin mühafizəsi adlı elmi-tədqiqat laboratoriyası yaradılıb. Laboratoriyanın əsas elmi istiqaməti üzvi reagentlər əsasında metalların təyini və onların ayrılması metodlarının hazırlanması, eləcə də təbii və sənaye obyektlərinin tərkibindəki zərərli maddələrin analizi olub.

Görkəmli alimin rəhbərliyi ilə malein anhidrid əsasında yeni sorbent sinfi sintez edilib, bu sorbentlərin ağır və radioaktiv ionlarla sorbsiya tarazlığı öyrənilib. Bu istiqamətdə əldə edilən nəticələr, həm sorbsiya proseslərinin mexanizmlərinin anlaşılmasına, həm də praktiki tətbiq sahələrinin genişlənməsinə şərait yaradıb.

2004-cü ildən etibarən mən də Rəfiqə xanımın rəhbərliyi altında Ekoloji kimya və ətraf mühitin mühafizəsi laboratoriyasında onunla birgə çalışma fürsəti qazandım. Bu illər ərzində onun dərin elmi biliyi, tələbkarlığı və eyni zamanda, insani sadəliyi, qayğıkeşliyi mənim üçün böyük bir məktəbə çevrildi. Laboratoriyada Xəzər dənizinə axıdılan təmizlənmiş sənaye sularının tərkibindəki toksik maddələrin kimyəvi analizi aparılıb və bu istiqamətdə əldə olunan nəticələr həm ekoloji, həm də iqtisadi baxımdan əhəmiyyətli olub. Bundan əlavə, Heydər Əliyev adına Neft Emalı Zavodunun təmizləyici qurğularından götürülmüş sənaye sularının nümunələri əsasında onların keyfiyyət və kəmiyyət tərkibini təyin etməyə imkan verən yeni analitik metodikalar Rəfiqə xanımın rəhbərliyi altında işlənib-hazırlanıb.

Rəfiqə xanımın elmi rəhbərliyi təkcə istiqamət deyil, həm də həyat məktəbi idi

Akademik Rəfiqə xanım Əliyevanın elmi rəhbərliyi ilə 2 elmlər doktoru və 20 fəlsəfə doktoru yetişib. Böyük iftixar və dərin minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, mən də onun formalaşdırdığı elmi məktəbin yetirmələrindən biriyəm.

Rəfiqə xanımın elmi rəhbərliyi mənim üçün təkcə bir istiqamət yox, həm də bir həyat məktəbi oldu. O, hər bir aspirant və doktorantın elmi potensialını üzə çıxarmağı, onların tədqiqatlarında məsuliyyət və vicdanla yanaşmağı təlqin edirdi. Onun dəstəyi, güvəni və eyni zamanda tələbkarlığı mənim elmi yolumun formalaşmasında həlledici rol oynadı.

Bu gün sevinc və qürur hissi ilə deyə bilərəm ki, Rəfiqə xanımın yetirdiyi alimlər təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da kimya elminin müxtəlif istiqamətləri üzrə uğurla fəaliyyət göstərir, müəllimlərinin adını daim uca tutur və onun zəngin elmi irsini yaşadırlar.

Rəfiqə xanım Əliyeva, həmçinin Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən D 02.011 saylı Dissertasiya Şurasının sədr müavini və universitetin Elmi Şurasının fəal üzvü olub. O, bu yüksək vəzifələrdə çalışdığı müddətdə elmi səviyyənin yüksəldilməsi, dissertasiya müdafiələrinin şəffaf, obyektiv və yüksək standartlara uyğun keçirilməsi istiqamətində prinsipial və qətiyyətli mövqe sərgiləyib. Onun ədalətli və peşəkar fəaliyyəti, elmi etikaya verdiyi önəm universitetin elmi mühitində yüksək qiymətləndirilib.

Akademik Rəfiqə Əliyevanın elmi və pedaqoji fəaliyyəti Azərbaycan dövlət tərəfindən dəyərli hesab edilib. O, “Əməkdar elm xadimi” ali fəxri adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib. O, həmçinin akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı olub.

2001-ci ildə o, ABŞ-ın Beynəlxalq Biblioqrafiya İnstitutu tərəfindən “İlin adamı” və “İlin işgüzar qadını” kimi seçilib. Eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülüb.

Akademikin elmi irsinə 450-dən artıq elmi məqalə, 25-dən çox dərslik və metodik vəsait, analitik kimya üzrə 6 tərcümə kitabı və 20 patent daxildir. Bu əsərlər elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və bir çoxu xarici dillərə tərcümə olunub.

Uşaqlıq xatirələrimdə Rəfiqə xanım

Rəfiqə xanımı mən ilk dəfə uşaq yaşlarımda tanıdım. Onun danışığında bir səmimilik, baxışlarında isə həm mərhəmət, həm də dərin zəka var idi. Uşaq zehnimdə o, elə ilk andaca “bilikli insan” obrazı kimi yer aldı.

Yadımdadır, otaqda tələbələrlə elmi müzakirələr aparılırdı, amma Rəfiqə xanım mənə tərəf dönüb maraqla “Sən nə oxumağı sevirsən?” – deyə soruşmuşdu. Uşaq olsam da, bu sadə sualın arxasında məni tanımaq istəyən bir müəllimin diqqətini hiss etmişdim. Bu kiçik diqqət o qədər böyük təsir bağışlamışdı ki, o andan etibarən mən onunla qürur duymuş, bir gün onun kimi elm adamı olmaq arzusuna düşmüşdüm.

Sonralar onun elmi fəaliyyətini, tələbələri ilə davranışını, necə bir fədakar alim və qayğıkeş müəllim olduğunu daha yaxından tanıdım. Rəfiqə xanımın yanındakı hər bir insan — istər tələbə olsun, istər ailə üzvü — onun nüfuzunun, qayğısının, mərifətinin və təvazökarlığının təsiri altına düşürdü.

Uşaqlıq illərimdən qalan o duyğu — Rəfiqə xanımın varlığı ilə doğurduğu səssiz, amma çox dərin bir heyranlıq — bu gün də məni müşayiət edir. Onun sadəliyi, biliyi, zəkası və insanlığı birləşdirə bilməsi yaddaşıma əbədi həkk olunub. Rəfiqə xanım təkcə böyük alim deyildi, o, həm də böyük ürək sahibi, böyüklüyü sadəliyində olan nadir insan idi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
azertag.az

2Sources