EN

Konstitusion dövlətçilik

Azərbaycan Respublikasının müasir inkişaf mərhələsi dövlətçilik fəlsəfəsi, hüquqi mexanizmlər və milli siyasi kurs ilə sıx bağlıdır. XX əsrin sonlarında bərpa olunmuş müstəqilliyimiz, həm də xalqımızın əsrlər boyu formalaşmış suverenlik arzularının hüquqi ifadəsi idi. Bu dövrdən etibarən dövlət quruculuğu prosesində ən mühüm addım Konstitusiyanın qəbul olunması və konstitusion dövlətçilik ənənələrinin möhkəmləndirilməsi olmuşdur. Bu, yalnız hüquqi texnologiya deyil, həm də siyasi-fəlsəfi seçim idi: xalqın öz iradəsini ifadə etmək və onu konstitusiyada möhkəmləndirməklə gələcək nəsillərə ötürmək.

Bu baxımdan Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli"nin elan edilməsi təsadüfi bir qərar deyil. Bu addım həm tarixi yaddaşın qorunması, həm müasir dövlətçilik fəlsəfəsinin möhkəmləndirilməsi, həm də milli kimliyin siyasi-hüquqi ifadəsinin daha dərindən dərk edilməsi üçün mühüm platformadır. Burada söhbət yalnız təqvim ili çərçivəsində tədbirlərdən yox, daha çox xalqın milli iradəsini və hüquqi dövlətçiliyin fəlsəfi mahiyyətini yenidən aktuallaşdırmaqdan gedir. Konstitusiya və suverenlik bir-birini tamamlayan anlayışlardır. Konstitusiya dövlətin hüquqi təməlini formalaşdırır, suverenlik isə həmin hüquqi təməli siyasi müstəqillik və xalqın iradəsi əsasında reallığa çevirir. Bu prinsiplərin qorunması dövlətin inkişafı, cəmiyyətin rifahı və milli kimliyin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının təcrübəsi göstərir ki, güclü konstitusiya və qorunan suverenlik dövlətçiliyin dayanıqlı inkişafının əsas zəmanətidir.

Müasir dövrdə hüquqi dövlətin qurulması, vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqlarının təmin olunması məsələləri hər bir ölkənin siyasi və hüquqi sisteminin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikası da müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu, hüquqi islahatlar və konstitusion dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmışdır. Konstitusion dövlətçilik anlayışı, ilk növbədə, dövlət hakimiyyətinin hüquqi normalarla məhdudlaşdırılması, hakimiyyətin bölgüsü, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası ölkədə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunun bünövrəsini təşkil edir. 

Konstitusion dövlətçilik anlayışı dövlətin hüquqi əsaslar üzərində qurulmasını, dövlət hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırılmasını və hüquqi prinsiplərə uyğun fəaliyyət göstərməsini ifadə edir. Konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik normativ aktı kimi dövlət hakimiyyətinin təşkilini, insan və vətəndaş hüquqlarını, dövlətin əsas məqsəd və vəzifələrini müəyyənləşdirir.

Konstitusion dövlətçilik aşağıdakı əsas prinsiplərə söykənir:

* Hüquqi dövlət prinsipi - qanunun aliliyi, hər kəsin qanun qarşısında bərabərliyi.

* Hakimiyyət bölgüsü prinsipi - qanunverici, icra və məhkəmə hakimiyyətinin müstəqilliyi və qarşılıqlı balansı.

* İnsan və vətəndaş hüquqlarının üstünlüyü - dövlətin fəaliyyətinin əsas məqsədinin insan hüquqlarının təminatı olması.

* Demokratik idarəçilik - xalq hakimiyyətinin həyata keçirilməsi və siyasi plüralizmin mövcudluğu.

Konstitusion dövlətçilik tarixi Avropa siyasi-fəlsəfi düşüncəsindən qaynaqlanır. Æohn Loke, Montesquieu və Russo kimi mütəfəkkirlər konstitusionalizm ideyasının nəzəri əsaslarını qoymuş, dövlətin hüquqla məhdudlaşdırılmasının vacibliyini əsaslandırmışlar. 

Azərbaycanda konstitusionalizm təcrübəsi mövcud olmuşdur. Həm Azərbaycan Xalq Cümhuriyyətinin konstitusiya aktları, həm də respublikamız sovet ittifaqının tərkibində olduğu zaman konstitusiyası qəbul edilmişdir. Sovet İttifaqı dövründə yazılan konstitusiya heç də ölkəmizin maraqlarını, onun milli özünəməxsusluğunu əks etdirməmişdir. Əslində, bu sənəd Azərbaycan üçün sırf formal səciyyə daşımışdır. Bunu həmin sənəddə milli atributların, dövlət dili ilə bağlı maddənin əks olunmaması da təsdiq edir. 

Azərbaycan xalqı müstəqilliyi asanlıqla əldə etməmişdir. Bu yolda çox şəhidlər vermiş, çox itkilərlə üzləşmişdir. Müstəqilliyimizin ilk illərində məhz dövlətçilik prinsiplərinin yoxluğu, ölkəmizin dünya hüquq sistemində mövqelərini möhkəmlətməyə nail olmaması onun erməni separatçıları tərəfindən başladılan haqsız ərazi iddialarına tutarlı cavab verə bilməməsi ilə nəticələnmişdi. Hesab etmək olar ki, ölkənin Əsas Qanunu onun hüquq sistemində nüvə rolunu oynayır. Həmin dövrdə müstəqil Azərbaycanın Konstitusiyasının olmaması ölkədə digər qanunların tam gücü ilə işləməməsinə gətirib çıxarırdı. Çünki SSRİ dövründə qəbul edilən Azərbaycan Konstitusiyası, ona edilən dəyişikliklərə baxmayaraq, müstəqil dövlətin reallıqlarını əks etdirə bilmirdi. Hüquq sisteminə, cəmiyyətə nizamı yalnız Konstitusiya gətirə bilərdi. Bu nizamın yaradılması isə hər bir xalqın, ölkənin həyatında tarixi nailiyyətdir. Dağlıq Qarabağ münaqişəsi, ölkədə baş verən siyasi proseslər dövləti konstitusional hüquq quruculuğundan uzaqlaşdırırdı. Müasir dövrdən baxdıqda, Azərbaycanın həmin illərdə necə mürəkkəb vəziyyətə düşməsini daha yaxşı anlamaq olur.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması üçün Konstitusiya Komissiyası yaradılmışdı. Həmin dövrdə Ulu Öndər ölkədə gedən mürəkkəb siyasi proseslərə baxmayaraq, bu komissiya qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə nail oldu. Azərbaycanda sabitliyə böyük təhdidlərin olmasına rəğmən, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan demokratik ölkə quruculuğunu qarşısına məqsəd qoymuşdu. Ulu Öndərin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmişdir. Bu tarixi hadisə Azərbaycanda yeni konstitusionalizm nəzəriyyəsi və praktikasının formalaşmasının əsasını qoydu. Ümummilli Lider bu konstitusiya ilə Azərbaycanın çox-çox illər öncəyə inkişafının təməlini yaratdı. Bu ali sənədi hazırlayarkən Ulu Öndər ölkəmizin gələcəyinin uğurlu olacağına inanırdı. Bunun üçün Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpasının vacib amillər olduğunu vurğulayırdı. 

Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. 

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. 

Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın demokratik dünya birliyinə inteqrasiyasını sürətləndirir və bu istiqamət ölkəmizin əsas prioritetidir. Konstitusiyamıza əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bundan əlavə, 30 ilə yaxındır öz yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması onların pozulmuş mülkiyyət hüquqlarının bərpasına da şərait yaradacaq. Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu. Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu.

Konstitusion dövlətçiliyin mühüm şərtlərindən biri vətəndaş cəmiyyətinin inkişafıdır. Vətəndaş cəmiyyəti dövlətlə yanaşı mövcud olan, insanların sərbəst birləşmələri və təşəbbüsləri əsasında fəaliyyət göstərən ictimai münasibətlər sistemidir. Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin inkişafı üçün müxtəlif institutlar - siyasi partiyalar, qeyri-hökumət təşkilatları, gənclər birlikləri fəaliyyət göstərir. Bu institutların fəaliyyəti konstitusiya və qanunvericiliklə təmin olunmuşdur.

Azərbaycan Konstitusiyası dövlətin ali hüquqi aktı olmaqla bütün qanunvericiliyin əsasını təşkil edir. Konstitusiyanın 12-ci maddəsinə görə, dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Konstitusiya dövlət hakimiyyətinin təşkili, idarəetmə sistemi, iqtisadi və sosial həyatın əsas prinsiplərini müəyyən edir. Burada həmçinin dövlətin demokratik, hüquqi və unitar xarakter daşıdığı göstərilir.

Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında təşkil olunur. Qanunverici hakimiyyəti - Milli Məclis, icra hakimiyyətini - Prezident, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirir. Hakimiyyət bölgüsü prinsipi dövlət hakimiyyətinin mərkəzləşməsinin qarşısını alır və balanslaşdırılmış idarəçilik sistemini təmin edir. Konstitusiya Məhkəməsi Konstitusiyanın qorunmasının əsas təminatçısıdır. Bu məhkəmə qanunların və digər normativ aktların konstitusiyaya uyğunluğunu yoxlayır. Bununla da hüquqi dövlətin əsas prinsipi - qanunun aliliyi - təmin olunur. Azərbaycan Konstitusiyası insan hüquqlarının qorunması və dövlət quruculuğu prinsiplərinə görə beynəlxalq hüquqi normalara uyğundur. Avropa İnsan Hüquqları Konvensiyası, BMT-nin İnsan Hüquqları Bəyannaməsi ilə Azərbaycan qanunvericiliyi arasında uyğunluq müşahidə edilir.

Konstitusiyanın hüquqi üstünlüyü onun digər bütün normativ-hüquqi aktlardan ali hüquqi qüvvəyə malik olması ilə şərtlənir. Onun müddəaları ilə ziddiyyət təşkil edən hər hansı qanun və ya normativ akt etibarsız sayılır. Bu da konstitusion dövlətçiliyin təməl prinsiplərindən biridir. Konstitusiya Məhkəməsi konstitusionalizmin əsas təminatçılarından biridir. Azərbaycan Respublikasında Konstitusiya Məhkəməsi 1998-ci ildə yaradılmışdır və Konstitusiyanın ali hüquqi qüvvəsini qorumaq məqsədilə fəaliyyət göstərir. Konstitusiya Məhkəməsinin əsas vəzifəsi qəbul olunmuş qanunların, prezident fərmanlarının, hökumət qərarlarının və digər normativ aktların Konstitusiyaya uyğunluğunu yoxlamaqdır. Əgər hər hansı akt Konstitusiyaya zidd olarsa, həmin akt etibarsız hesab edilir. Bu da hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinin təmin edilməsinə xidmət göstərir. Bundan əlavə, Konstitusiya Məhkəməsi hüquqi münasibətlərin düzgün izahı və tətbiqi ilə bağlı rəsmi şərhlər verir. Bu şərhlər məhkəmələr, dövlət orqanları və vətəndaşlar üçün məcburidir. Beləliklə, Konstitusiya Məhkəməsi hüquqi sabitliyin və hüquqi müəyyənliyin əsas qarantı kimi çıxış edir.

Konstitusion dövlətçilik anlayışına nəzər saldıqda görürük ki, o, yalnız konstitusiyanın mövcudluğu ilə məhdudlaşmır. Konstitusion dövlətçilik - dövlət hakimiyyətinin hüquqla məhdudlaşdırılması, vətəndaşların fundamental hüquq və azadlıqlarının təmin olunması, hakimiyyət bölgüsü və hüquqi dövlət prinsiplərinin real həyatda işləməsi deməkdir. Azərbaycan Konstitusiyası ölkənin müstəqillik dövründə dövlət quruculuğunun hüquqi bazasını formalaşdırmış, insan və vətəndaş hüquqlarını ali dəyər kimi təsbit etmişdir.

İkinci mühüm məqam, konstitusion dövlətçilik institutlarının inkişafıdır. Dövlət hakimiyyətinin bölgüsü, məhkəmə hakimiyyətinin müstəqilliyi, Konstitusiya Məhkəməsinin fəaliyyətinin gücləndirilməsi, parlament institutunun inkişafı və yerli özünüidarəetmə orqanlarının formalaşdırılması bu istiqamətdə əhəmiyyətli addımlar kimi qiymətləndirilməlidir. Bu institutlar vasitəsilə dövlətin hüquqi və demokratik əsaslarda fəaliyyət göstərməsi təmin olunur. 

Konstitusion dövlətçilik anlayışını yalnız dövlətin hüquqi quruluşu ilə məhdudlaşdırmaq olmaz. Bu anlayış həm də vətəndaş cəmiyyəti institutlarının inkişafını nəzərdə tutur. Vətəndaş cəmiyyəti - insanların könüllü birləşmələri, ictimai birliklər, siyasi partiyalar, qeyri-hökumət təşkilatları vasitəsilə formalaşır və dövlətin nəzarətindən kənarda müstəqil fəaliyyət göstərir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti qarşılıqlı əlaqə içindədir. Dövlət vətəndaş cəmiyyətinin hüquqi çərçivəsini müəyyən edir, vətəndaş cəmiyyəti isə dövlətin fəaliyyətinə ictimai nəzarəti həyata keçirir. Beləliklə, konstitusion dövlətçilik həm də dövlət və cəmiyyət münasibətlərinin hüquqi əsasda tənzimlənməsini nəzərdə tutur.

Müasir qlobal siyasi mühitdə dövlətlərin suverenliyi çoxsaylı təhdidlərə məruz qalır: beynəlxalq terrorizm, informasiya müharibələri, iqtisadi təzyiqlər, regional münaqişələr. Ölkəmiz də uzun illər bu təhdidlərin bir çoxu ilə üzləşmişdir. Azərbaycanın tarixi Zəfəri - 2020-ci il Vətən müharibəsi, dövlətin suveren hüquqlarını təmin etməsinin bariz nümunəsi oldu. Bu kontekstdə "Konstitusiya və Suverenlik İli"nin elan olunması milli iradənin möhkəmləndirilməsi, dövlətin hüquqi əsaslarının daha da inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bu addım həm də vətəndaşların konstitusiya dəyərlərinə bağlılığını gücləndirmək, dövlətçiliyin fəlsəfi mahiyyətini ictimai şüurda daha aydın formalaşdırmaq məqsədi daşıyır.

Azərbaycanda konstitusion dövlətçilik və suverenlik anlayışları bir-birini tamamlayan iki əsas sütun kimi çıxış edir. Bu anlayışlar müasir dövlətçiliyin yalnız hüquqi və inzibati tərəflərini deyil, həm də xalqın tarixi yaddaşını, milli kimliyini və gələcəyə yönəlmiş strateji hədəflərini ifadə edir. Azərbaycan xalqı əsrlər boyu müstəqillik uğrunda mübarizə aparmış, suverenlik idealını qoruyub saxlamış və nəhayət, müasir konstitusiyanın qəbul olunması ilə bu idealları hüquqi müstəviyə keçirmişdir.

"Konstitusiya və Suverenlik İli"nin elan edilməsi bu baxımdan tarixi və məntiqi bir addımdır. Bu qərar Azərbaycan dövlətinin siyasi iradəsinin və milli birliyinin təntənəsidir. Bu təşəbbüsün fəlsəfəsi ondan ibarətdir ki, müstəqillik yalnız formal atributlarla ölçülmür; müstəqilliyin həqiqi mənası xalqın suveren iradəsinin qorunması, dövlətin hüquqi təməllərinin möhkəmləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasıdır.

Geniş mənada, 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması Azərbaycan cəmiyyətinə bir neçə mühüm mesaj verir:

Birincisi, tarixi yaddaşın möhkəmləndirilməsidir. Xalqımızın keçmişdə müstəqillik uğrunda apardığı mübarizələr, xüsusilə 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin təcrübəsi və 1991-ci ildə bərpa olunmuş müstəqillik, bugünkü konstitusion dövlətçiliyin təməl daşlarıdır.

İkincisi, hüquqi dövlətin inkişafıdır. Konstitusiya və suverenlik məsələlərinin xüsusi vurğulanması, dövlət orqanlarının fəaliyyətində hüququn aliliyini və vətəndaş cəmiyyətinin inkişafını daha da aktuallaşdırır.

Üçüncüsü, cəmiyyətin hüquqi-mənəvi şüurunun yüksəldilməsidir. "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən tədbirlər, maarifləndirmə proqramları və ictimai müzakirələr vətəndaşlarda dövlətə, qanuna və milli ideyalara daha güclü bağlılıq formalaşdırır.

Dördüncüsü, gələcək nəsillərə mesajdır. Azərbaycan gəncliyi anlamalıdır ki, müstəqillik təsadüfi qazanılmayıb, o, qan və fədakarlıq bahasına əldə olunub. Konstitusiya və suverenlik isə bu qazancların qorunması üçün ali dəyərlərdir.

Beynəlxalq kontekstdə də bu təşəbbüs xüsusi önəm daşıyır. Dünyada dövlətlərin suverenliyi müxtəlif təhdidlərə məruz qalarkən, Azərbaycan öz konstitusion dayaqlarına söykənərək həm daxili sabitliyi, həm də xarici siyasətdə müstəqil mövqeyini qorumağı bacarır. Bu baxımdan, "Konstitusiya və Suverenlik İli" Azərbaycanın beynəlxalq aləmdə suverenlik və hüquqi dövlətçilik nümunəsi kimi təqdim olunmasına da xidmət edir.

Nəticə etibarilə müasir Azərbaycanda konstitusion dövlətçilik yalnız hüquqi kateqoriya deyil, milli ideologiyanın əsas mənbəyi, dövlətin inkişaf modelinin fəlsəfi dayağıdır. Suverenlik isə həmin ideologiyanın siyasi və hüquqi reallıqda təsdiqidir. Bu iki anlayışın vəhdəti Azərbaycan dövlətçiliyinin möhkəmliyini, xalqın milli birliyini və ölkənin dayanıqlı inkişafını təmin edir.

"Konstitusiya və Suverenlik İli"nin fəlsəfi mahiyyəti ondan ibarətdir ki, dövlətçilik dəyərləri sadəcə siyasi tarixdə deyil, həm də gündəlik həyatın, ictimai münasibətlərin, hüquqi mədəniyyətin əsas hərəkətverici qüvvəsinə çevrilsin. Azərbaycan xalqı bu dəyərlərə sahib çıxmaqla həm öz müstəqilliyini möhkəmləndirir, həm də gələcək nəsillərə güclü, suveren və hüquqa söykənən dövlət miras qoyur.

İlham ƏLİYEV,

hüquq üzrə fəlsəfə doktoru, dosent

1Sources