EN

Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans

Sentyabrın 19-da Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib.

Konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini nəzərə çatdırıb. O, bunun Azərbaycan Konstitusiyasının 30 illiyi və Vətən müharibəsində Qələbəmizin 5 illiyi ilə əlaqədar olduğunu söyləyib.

Z.Əsgərov Azərbaycanın ilk milli Konstitusiyasının 1995-ci ildə, ondan öncə - 1991-ci ildə isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyini və orada milli Konstitusiyanın hazırlanması ilə bağlı müddəanın əks olunduğunu bildirib. O qeyd edib ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiya yaradılıb. İlk milli Konstitusiyamızın əsas qayəsini hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təsbit olunması və müdafiəsi təşkil edir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin rəmzi məna daşıdığını deyən Ziyafət Əsgərov, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qələbənin qazanıldığını, lakin tam suverenliyin hələ bərpa edilmədiyini, bəzi ərazilərimizin hələ ki, erməni separatçılarının əlində olduğunu qeyd edib. Nəhayət, 2023-cü il sentyabrın 19-20-də 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğulayıb.

Sonra konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edib. O, Azərbaycan Konstitusiyasının preambulasında qeyd edildiyi kimi, müstəqillik, suverenlik və ərazi bütövlüyünün Azərbaycan xalqının ülvi niyyətlərindən olduğunu söyləyib. Bildirib ki, Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında olduğuna baxmayaraq, xalqımız öz əzmini itirməyib, öz ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətdə daim addımlayıb. Ötən əsrin 90-cı illərinin əvvəlində ölkədə müşahidə edilən siyasi tənəzzül, daxili çəkişmələrin, Konstitusiyanın hüquqi cəhətdən işləmədiyi bir zamanda ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının dövlətimiz üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.

Konfransda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Parlamentinin müstəqilliyin ilk illərindən müasir dövrümüzə qədər bütövlükdə konstitusionalizmin inkişafına töhfə verdiyini bildirib. Dövlət suverenliyinin hüquqi tarixi aspektlərinin hər zaman ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb. O, Suverenlik və Konstitusiya anlayışlarının bir-biri ilə sıx bağlı olduğunu deyib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanın suverenliyinin aktual problemləri dərindən öyrənilməyə başlandı. Suverenliyin əsas əlaməti olan ərazi bütövlüyünün bərpa olunması üçün xüsusi strateji plan çəkildi.

Daha sonra çıxış edən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü tam şəkildə bərpa olunub və ölkə tam suveren şəkildə öz ərazisində idarəetməni təmin edir.

Konfransda Milli Məclisin komitə sədrləri Sadiq Qurbanov, Siyavuş Novruzov, Fazil Mustafa, Zahid Oruc, Hicran Hüseynova, Anar İsgəndərov, Səməd Seyidov, Azər Əmiraslanov, komitə sədrinin müavini Razi Nurullayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov və başqaları çıxış ediblər.

XQ

Chosen
28
5
xalqqazeti.az

6Sources