Son illərdə pandemiya səbəbindən tətbiq edilən məhdudiyyətlər bir çox ölkələr arasında nəqliyyat və sosial əlaqələrə ciddi təsir göstərib. Azərbaycanla Gürcüstan arasında quru sərhədlərin bağlı qalması da bu kontekstdə diqqət çəkir. May ayında iki ölkə arasında quru sərhədlərin açılacağı ilə bağlı ümidverici xəbərlər yayılsa da, artıq sentyabrın ikinci ongünlüyünün başa çatmasına baxmayaraq, hər hansı rəsmi yenilik yoxdur.
Gürcüstan-Azərbaycan quru sərhədləri ilin sonuna qədər açıla bilərmi?
Globalinfo.az-a danışan millət vəkili Razi Nurullayev deyib ki, quru sərhədlərin uzun müddət bağlı qalması həm vətəndaşların sosial həyatında çətinliklər yaradır, həm də ölkənin iqtisadi inkişafına mənfi təsir göstərir:
“Bu, eyni zamanda turizmin inkişafına da əngəl törədir. Lakin ölkə başçısı da bildirmişdi ki, quru sərhədlərin bağlı qalması ilk növbədə təhlükəsizlik məsələləri ilə əlaqəlidir. Artıq Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsi imzalanıb, bir sıra risklər aradan qalxıb. İnanıram ki, Rusiya ilə münasibətlərimiz də yaxın zamanda normallaşacaq. Quru sərhədlərin tezliklə açılmasını istəyərdim”.
Razi Nurullayev
Millət vəkili əlavə edib ki, Azərbaycanın dövlət təhlükəsizliyi və sərhəd müdafiəsi kifayət qədər güclüdür:
“Sərhədçilərimiz dövlət sərhədlərimizin keşiyində şərəflə dayanırlar. Əminəm ki, bu istiqamətdə üzərimizə düşən bütün vəzifələrimizi uğurla icra edə bilərik. Ümid edirəm ki, yaxın vaxtlarda quru sərhədlər tam şəkildə açılacaq”.