EN

Gələcəyin ədəbiyyatı necə olacaq?

Ədəbiyyat, yalnız sözlərin birləşməsindən ibarət deyil. Ədəbiyyat insanın duyğularını, xəyallarını, düşüncələrini və həyat təcrübəsini əks etdirən bir aynadır. Tarix boyu ədəbiyyat hər dövrün ruhunu əks etdirib, cəmiyyətin narahatlıqlarını, arzularını və düşüncələrini formalaşdırıb. Lakin indi texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdəyik və ədəbiyyatın qarşısında yeni sınaqlar dayanır. Elektron kitablar, süni intellekt tərəfindən yaradılan mətnlər, sosial şəbəkələrdə sürətlə yayılan qısa yazılar -bunların hamısı ədəbiyyatın formasını və oxucu ilə yazıçı arasındakı münasibəti dəyişdirir. Süni intellektin yazdığı hekayələr, romanlar və esse nümunələri oxucuya yeni perspektivlər təqdim edir. Texnologiya yazıçının əlini genişləndirir, amma eyni zamanda ədəbiyyatın dərinliyi və insan təcrübəsinin incəlikləri ilə bağlı suallar ortaya çıxır. Elektron kitablar və interaktiv mətnlər oxucunun diqqətini cəlb etməyi asanlaşdırır, amma bu, ədəbiyyatın klassik dəyərlərini kölgədə qoya bilərmi? Sosial şəbəkələrdə qısa yazılar və mikrosənət formaları oxucunun oxuma vərdişlərini dəyişir, oxuma sürətini artırır, lakin eyni zamanda mətndə dərin düşüncə və təxəyyül üçün vaxtı azaldır. Düşünürəm ki, ədəbiyyatın gələcəyində yazıçının və oxucunun rolu dəyişir. Yazıçı yalnız sözlərlə deyil, texnologiya ilə də ünsiyyət qurur, oxucunu cəlb etmək üçün yeni üsullar tapır. Eyni zamanda oxucu yalnız klassik kitablarla deyil, ekranlarda, qısa yazılarda, interaktiv mətnlərdə də ədəbiyyatı yaşayır. Bu, ədəbiyyatın daha sərhədsiz bir forma qazanmasına imkan yaradır, amma bir tərəfdən də onun emosional istiliyini və insan ruhuna toxunan dərinliyini qorumaq üçün yeni yollar tapmaq vacib olur.

Texnologiyanın gətirdiyi imkanlar və insan ruhunun dəyişməz ehtiyacları gələcəyin ədəbiyyatını necə formalaşdıracaq və gələcəyin yazıçısı ilə oxucusu necə bir dünyada fəaliyyət göstərəcək? Yazıçı-publisist, politoloq, tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Reyhan Mirzəzadə Olaylar.az-a açıqlamasında çox maraqlı və dərin şəkildə izah etdi. Onun fikirlərinə görə, gələcəyin yazıçısı və oxucusu texnologiyanın imkanlarından istifadə edəcək, amma ədəbiyyatın əsl dəyərləri- duyğu, təsir, təxəyyül və insan təcrübəsinin dərinliyi həmişə qorunacaq:

" Ədəbiyyat yeganə sahədir ki, insanşünaslıq elmi adlanır. Yəni, insanın mənəvi kamilliyini, insan obrazlarını, cəmiyyətdə və həyatda baş verən hadisələri təhlil edən, açan, göstərən, həyatın hər cür təzadlarını yazı, ədəbiyyat dili ilə  maarifləndirmə yolu ilə xalqa çatdıran bir vasitədir. Ədəbiyyat əslində xalqın şüuru deməkdir, onun mənəvi həyatının diriliyi deməkdir. Ona görə də bütün xalqların həyatında və taleyində ədəbiyyatın çox böyük bir rolu vardır. Məsələn, dünya təcrübəsində baş verən hadisələr, müharibələrin başlanması, inqilabların baş verməsi və ya bu hadisələrə hazırlıqlar ədəbiyyat vasitəsilə təsvir olunub. Maksim Qorkinin "Ana" romanında da artıq yetişməkdə olan hadisələr bir xalqı hazırlamaq, bu siyasi proseslərin gedişində xalqa xəbərdarlıq etmək məqsədilə ədəbiyyat dili ilə təcəssüm olunur. Bilirik ki, hər bir xalq öz yazıçıları ilə böyük şöhrət qazanıb. Eləcə də Azərbaycan xalqı. Böyük yazıçılarımız, şairlərimiz olub. Onlar xalqımızı öz poeziyası, yaradıcılığı, şüuru, təfəkkürü və misilsiz istedadı ilə hörmət və nüfuz gətiriblər. Bütün dünyada Azərbaycan xalqını tanıtmış və sevdirmişlər. Nizami, Füzuli, Nəsimi, Xurşidbanu Natavan və müasir yazıçılarımız - hamısı Azərbaycan ədəbiyyatını bütün tarixi mərhələlərdə dünyaya tanıtdırıb, sevdirmişdir. Onlarla da Azərbaycan xalqı hər zaman qürur duyub. Səməd Vurğunun bir sözü yadıma düşür: "Kitabsız bir ömürün nə mənası var?". Doğrudan da kitabsız insan taleyini, kamil insanın həyatını təsəvvür etmək mümkün deyil. Gözəl deyilib: "Kitab mənim üçün tacdan qiymətlidir". Kitab təfəkkürün övladıdır. Kitablar bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Hər bir dövrdə və inkişaf mərhələsində, kitabın misilsiz yeri vardır. Nə qədər texnologiyalar və sosial şəbəkələr inkişaf etsə də, kitabın qüdrəti kitablığında qalır. Kitabın yeri başqa cürdür. Kitab əsrlərdən bəri bu günə kimi gələn qiymətli bir varlıq olub və bu qiymətini daim saxlayacaqdır. Tanınmış rus şairinin belə bir fikri var: Müəllim kitablar vardır ki, bunlara ədəb-ərkanla, hörmətlə qulaq asırsan. İctimai xadim və natiq kitablar vardır ki, çağırışının təsiri altında onların ardınca gedirsən. Yoldaş kitablar, söhbət kitabları vardır ki, onlar özünü üstün tutmur, oxucu ilə insanlar kimi - məhəbbət və kədər, həyat və ölüm, etimadsızlıq və gözəllik barəsində fikrini zorla yürütmədən söhbət edirlər. Kitabı yazan insanın ruhu, istedadı, düşüncəsi, qəlbinin hərarəti, kainat qədər olan daxili aləminin nuru oxucuya çatdırılır. Bu kitablar bir növ müəllimə və natiqə çevrilir. İnsan bu kitabları oxuduqca ruhən kamilləşir, mənəvi qidalanır. Mən kitabı canlı əfsanə adlandırardım. Kitab birbaşa insanın bütün hissləri ilə təmasda olan bir varlıqdır, dəyərdir. Müasir texnologiyaların da öz yeri var. Onların imkanlarından istifadə etmək lazımdır, çünki onlar daha operativ təmas qurmağa, insanlarla əlaqələr və fikir mübadiləsi aparmağa imkan verir. Amma kitaba gəldikdə, kitab kitab olaraq dəyərini saxlamalıdır. Kitab kimi oxunmalıdır. Kitabın cümlələri kağızdan oxunduqda daha canlı, daha təsiredici olur. Kitabın özünəməxsus bir ətiri var. Eyni zamanda, mütaliə, kitab oxumaq insanları bilikli, söhbətcil və hazırcavab yetişdirir.  

Kitaba münasibətdə insanlar diqqətli olmalıdırlar. Kitabı sevmək, kitabı oxumaq, kitabı əzizləmək, kitabı öyrənmək, kitabı duymaq gərəkdir. Mən onu da çox təəssüflə qeyd etmək istəyirəm ki, kitabları yandırmaqdan daha qəddar bir şey - onları oxumamaqdır. Bax, bu, kitab üçün böyük zərbədir. İnsan nə qədər həyatda yaşayırsa, ömrünün sonuna qədər oxumalı, öyrənməlidir. Böyük Peyğəmbərimizin bir sözü var: "Öyrənmək, öyrənmək, yenə də öyrənmək". Yəni elm o qədər dərindir ki, həyatın o qədər möcüzələri mövcuddur ki, həyatda hələ bilinməyən, öyrənilməyən çoxlu sahələr var. Onlar getdikcə yeni nəslin kitablarında çap olunur, elmdə yeni nailiyyətlər kəşf olunur, daha mütərəqqi hadisələr öz əksini tapır, yeni tədqiqatlar üzə çıxır. Bunların hamısı kitablarda əksini tapır və insan ömrünün sonuna qədər kitab oxumağa borcludur. Əgər söhbət kamil insandan gedirsə, bu, onun borcudur. Süni intellektə gəlincə, o, ümumi mətnlərdən informasiyaları toplayaraq müəyyən texnologiya ilə hər hansı bir informatik bazaya sahib ola bilər. Amma bu, o demək deyil ki, o, dərin tədqiqatları, dərinliklərdə gizlənən məlumatları üzə çıxara bilər. Məsələn, bir misal göstərmək istəyirəm. 1860-cı ildə Ordubadda24 müəllim, pedaqoq - düşüncə sahibləri, təfəkkür adamları, ziyalılar, dərin bilikli və mənəviyyatlı insanlar bir araya gəlirlər. Onlar vəsait toplayırlar. Həmin vəsait az miqdarda da olmur. Bu pulu ilk dəfə təşəbbüs göstərirlər ki, Moskvada dahi şair Aleksandr Sergeyeviç Puşkinin abidəsi qoyulsun. Bu təşəbbüs ilk dəfə Ordubad ziyalılarından gəlir və vəsaiti də ilk toplayan məhz Ordubadın 24 müəllimi olur. Onlar toplanan pulu Moskvaya poçt vasitəsilə göndərirlər. Sənədlər isə o zaman Naxçıvan arxivinə deyil, İrəvan arxivinə göndərilir. 1861-ci ildə baş verən bu hadisədən sonra uzun müddət keçməsinə baxmayaraq, 1881-ci ildə Moskvada Puşkinin abidəsi qoyulur. Həmin Ordubad ziyalılarının göndərdiyi vəsait bu abidənin ucaldılmasında böyük kömək olur. Təəssüf doğuran məqam isə budur ki, sənədlər İrəvan arxivinə göndərildiyi üçün yeni nəsillər bu mütərəqqi və humanist addımdan xəbərsiz qalır. Çox sonralar, Sovet dövründə Puşkinin yubileylərindən biri qeyd olunarkən bir müəllif İrəvan arxivində bu sənədlərə rast gəlir və məqalə hazırlayaraq mətbuatda dərc etdirir. Amma bu, Azərbaycan oxucusu üçün əlçatan olmayan, o qədər də geniş yayılmayan bir mətbu orqanda çap olunur. Xeyli müddət keçəndən sonra mən Puşkinin 225 illiyi ilə bağlı kitab hazırlayarkən arxivlərin dərinliklərində işləyərkən həmin məqaləyə rast gəldim. Çox sevindim, hətta gözlərimə inanmadım ki, bizim ziyalılarımız vaxtilə belə bir addım atıblar - dünya şöhrətli bir şairin, milliyyətindən asılı olmayaraq, istedadlı ədəbiyyat nümayəndəsinin abidəsinin qoyulmasına təşəbbüskar olublar və bunun üçün vəsait toplayıblar. Mən bu faktı sənədlərlə öz kitabımda işıqlandırdım. Sonra kitab Naxçıvana gedib çıxandan sonra Naxçıvan ziyalıları bu faktı oxudular və bizim aramızda əlaqələr yarandı. Həmin sənədləri mən onlara təqdim etdim. Çünki bu sənədlər Naxçıvan arxivində olmadığı üçün yeni nəsillərin bu faktdan xəbəri yox idi. İrəvan arxivindən götürülən bir fakt əsasında Bakıda məqalə çap olunsa da, həmin qəzetin Naxçıvana gedib çıxmadığı ehtimal olunur.  Mənim məqsədim nədir bu fikri söyləməklə? Süni intellekt belə bir araşdırmanı üzə çıxara bilərdimi? Məncə, yox. Çünki burada insan ruhu lazımdır, insan əməyi, zəhməti lazımdır. Gecə-gündüz çalışmaq, üstündə işləmək, arxiv materialları ilə tanış olmaq, onları dərinliklərdən çıxarmaq lazımdır. Bizim çox zəngin irsimiz var arxivlərdə, amma gənc nəsil onlardan xəbərsizdir. Bu gün süni intellektin o dərinliklərdə olan xəzinələri aşkar edə biləcəyinə inanmıram. Ola bilər ki, müəyyən məlumatları tapsın, amma elə gizli faktlar var ki, heç vaxt süni intellektin gücü yetməz. Burada məhz insan təfəkkürü, insan əməyi vacibdir. Mən təbii, canlı intellekti - ziyalı düşüncəsini, müdrik əməyini süni intellektdən üstün tuturam. Həyatda hər şeyin təbiisi gözəldir. Tədqiqatların da, yazıların da, mətnlərin də ümumiyyətlə, yaradıcılığın da təbii olaraq, yaradıcı insan təfəkkürünün məhsulu kimi oxucuya çatdırılması daha effektiv nəticə verər. Nəinki süni intellektin məhsulu. Adından da məlumdur - süni. Onun yaratdığı məlumatların da doğruluğu sual altındadır. Son araşdırmalar göstərir ki, süni intellektin yaratdığı informasiyalarda yanlışlıqlar, təkrarçılıqlar olur. Mən hesab edirəm ki, bizim ədəbiyyat bu gün də kamil insan təfəkkürünə, düşüncəsinə əsaslanmalıdır. İstedad isə elə bir şeydir ki, onu heç bir süni intellekt yarada bilməz. İstedad - ilahi vergidir. Allahın verdiyi bu istedadı şairlərə, yazıçılara yalnız Tanrı verir. Mən inanmıram ki, hər hansı süni intellekt bunu əvəz edə bilsin. Bunlar mən deyərdim ki, ədəbiyyatı zənginləşdirmir, əksinə, onun dərinliyini azaldır. Məsələn, qəbul imtahanlarına baxsaq - (doğrudur, sonradan bu kamilləşdirildi) əvvəllər, sovet dövründə belə bir qayda var idi ki, imtahan verəndə, məsələn, jurnalistika fakültəsinə daxil olmaq istəyən şəxslər üçün yaradıcılıq meyarları tətbiq olunurdu. Yəni, jurnalist və ya filoloq olmaq istəyən insan hər hansı yazısını təqdim etməli, imtahan zamanı isə inşa yazısı yazmalı idi. Bununla da istedadlı gənclər müvafiq fakültələrə qəbul zamanı üstünlük qazanırdılar. Jurnalist olmaq istəyən bir abituriyentin istedadı bu üsulla aydın olurdu. Test üsulundan sonra isə hər hansı yaradıcılıq qabiliyyətini nümayiş etdirmək dəyişdi. Təbii ki, bu da təsadüfi abituriyentlərin yaradıcı sahələrə düşməsinə səbəb oldu. Elə gənclərimiz var ki, dünya praktikasında da belə hallara rast gəlinir - tamamilə fərqli sahənin adamları olmalarına baxmayaraq, Tanrı onlara fərqli istedad verib və nəticədə çox kamil sənətkar olublar. Onlar da dünya ədəbiyyatında öz sözlərini deyiblər. Məsələn, Çingiz Aytmatov zootexnik olmuşdur, musiqi aləmində isə Azərbaycan bəstəkarı Ələkbər Tağıyev kimi sənətkarlar tamamilə fərqli sahənin insanı olub. Amma nə qədər gözəl musiqi əsərləri yaradıb, sanki kamil bəstəkarlıq məktəbini bitirmişlər. Bu barədə çox danışmaq olar. Hətta bəzi dünya səviyyəli yazıçılar var ki, ali təhsil almayıblar, hətta orta məktəb təhsilini tam bitirə bilməyiblər. Məsələn, Maksim Qorki yalnız 4-cü və 5-ci sinifləri oxuya bilib. Amma oxumaq yolu, kitabları sevərək, dost kimi yanaşması, mədəniyyətə, natiqliyə, müəllimliyə olan marağı onu yetişdirib və böyük, dahi bir şəxsiyyətə çevrilməsinə səbəb olub. Bu insanlar kitablar vasitəsilə böyüyüblər və dahi olublar. Ədəbiyyatın bütöv xalqın kamilləşməsində, ruhunun qidalanmasında misilsiz rolu var. Mən istəyirəm ki, 50 il, 100 il sonra da ədəbiyyatımız 50 il, 100 il əvvəlki kimi, istedad və təbii düşüncə üzərində qurulan, beyinlərdən, təfəkkürlərdən, ürəklərdən süzülüb gələn ədəbiyyat kimi görülsün. Ədəbiyyatımız bütün dünyaya səs salan ədəbiyyat olub. Gələcək inkişaf yolunu da əvvəlki, dədə-baba qaydaları, onların duası və gücü ilə yaranan ədəbiyyat kimi görmək istəyirəm. Düşünürəm ki, bizim ədəbiyyatımız həmişə seviləcək, öz gücündə qalacaq, illər ötsə də səmimiliyi, əzəldən yaranmış möcüzəvi sehri ilə nüfuzunu qoruyacaq və daha da genişləndirəcəkdir. Kitabsevərlər o qədər kitaba bağlı olurlar ki, həyatlarının əsas illərini, əsas məqamlarını bu sevgiyə həsr edirlər. Bu, əslində gələcəyə baxmaq, gələcəyi öyrənmək obrazıdır. Bayaq dediyim kimi, kitablar insanı kainatın sahibi edir.

Bu gün oxucu dəyişirsə, birinci növbədə yazıçı dəyişməlidir. Ümumiyyətlə, bu dəyişmələr bir-biri ilə təmasda olmalıdır. Günün tələbləri var, günün maarifləndirmə meyarları var. Nəsil inkişaf etdikcə, zəmanədə yeni həyat tərzləri meydana gəlir. Elm inkişaf etdikcə, fikirlər zənginləşdikcə yazıçı mütləq dəyişməlidir. Yeganə sənət ədəbiyyatdır ki, bütün sahələri əks etdirməyi bacarmalıdır. Həkim kimi tibb elmindən, memar kimi memarlığın incəliklərindən xəbərdar olmalıdır. Hansı hadisələrə toxunursa, həmin hadisələrin incəliyinə qədər bilməlidir. Əgər bilməsə, o sahədə kamil əsər ortaya qoya bilməz. Məsələn, bir yazıçı tanıyırdım, o canavarlar haqqında bir əsər yazmaq istəyirdi. Canavarlara aid nə qədər kitablar əldə etmişdi. Onların davranışını, psixologiyasını, həyat tərzlərini öyrənmişdi. Əsəri yazmaq üçün bəlkə 40-a qədər kitab oxumuşdu. Misalı buna görə çəkdim ki, mövzunu dəqiq öyrənmədən əsər yazmaq çətindir. Bütün sahələrdə yazan bir qələm sahibi həmin sahəni mükəmməl öyrənməyi bacarmalıdır. Daha yeni informasiya verməyi bilməlidir. Yazıçının təfəkkürü oxucuya bir mənəvi qida olmalıdır. Oxucu yazıçını müəllim, alim kimi görməlidir. Bizim Bəxtiyar Vahabzadənin irsi ədəbiyyatsevərlərə məlumdur. Orada bir məqam var, məsələn, yüzilliklə bağlı tədbirlərdə iştirak etdim. Bəzi məqamlar çox gözəl səsləndirilirdi, amma bir fikir orada səslənmədi, onu mən səsləndirməli oldum. Bilirsiniz ki, Bəxtiyar Vahabzadənin bəzi əsərləri rus dilinə tərcümə olunur. Dünya şöhrətli tarixçi alim Lev Qumilyov, hansı ki "Qədim türklər" əsərinin müəllifidir, bu əsərinə görə 4 dəfə həbs edilib, sonra isə həmin əsər dövlət mükafatına layiq görülüb. O, Bəxtiyar Vahabzadənin əsərlərini oxumuş və yüksək qiymətləndirmişdi. Bu özü də maraqlı bir faktdır. Amma mən bunu heç kimdən eşitməmişdim. Hər hansı bir süni intellektdə bu məlumat ola bilərmi? İnanmıram. Çünki elə məlumatlar var ki, onlar çox dərinlikdədir. İnsan təfəkkürü, əməyi, düşüncəsi süni intellektlərdən daha qüvvətli və əhəmiyyətlidir. Süni intellektdən istifadə etmək olar, amma ona hədsiz dərəcədə inanmaq düzgün deyil".

Əslində, bütün bu deyilənlərin yekunu bir həqiqəti göstərir: gələcəyin ədəbiyyatı texnologiyanın imkanlarından bəhrələnəcək, amma onun yaşaması və dərinliyi yalnız insan qəlbinin səsi ilə mümkündür. Süni intellekt, elektron kitablar, sosial şəbəkələr- bunların hamısı müasir həyatın ayrılmaz hissəsidir, lakin ədəbiyyatın əsl gücü insan təcrübəsində, duyğularında və istedadında gizlidir. İstedad Allah vergisidir, onu heç bir süni sistem yarada bilməz. Ona görə də, zaman necə dəyişsə də, yazıçının təxəyyülü, oxucunun sevgisi və kitabın sehri ədəbiyyatı həmişə yaşadacaq.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
olaylar.az

1Sources