EN

Azərbaycanın dünyada başını uca edəcək daha bir qərar verildi - müstəqil dövlət belə olar...


İlyas Hüseynov: “Bu da çox böyük göstərici hesab oluna bilər”.

BMT Baş Assambleyası 142 səs lehinə, 10 səs əleyhinə olmaqla, 1967-ci il sərhədlərində Fələstin dövlətinin yaradılmasını dəstəkləyən “Nyu-York Bəyannaməsi”ni qəbul edib. Qətnamənin təşəbbüskarları Fransa və Səudiyyə Ərəbistanı olub. Sənəd BMT tarixində Fələstin məsələsində ən geniş dəstək toplayan sənədlərdən biri kimi qiymətləndirilir.

Əleyhinə səs verənlər arasında İsrail, ABŞ, Argentina və Macarıstan da yer alıb. 12 ölkə, o cümlədən Kamerun, Danimarka, Moldova və Şimali Makedoniya səsvermədə bitərəf qalıb.

Cənubi Qafqaz ölkələrindən isə bu mühüm səsvermədə Azərbaycan Fələstinin xeyrinə - “lehinə” səs verib. Ermənistan da eyni mövqeyi bölüşüb, Gürcüstan isə səsvermədə iştirak etməyib.

İsrailin Xarici İşlər Nazirliyi qətnaməni kəskin şəkildə rədd edərək, BMT Baş Assambleyasını “siyasi sirk” adlandırıb.

Ekspertlərə görə, qətnamə hüquqi baxımdan məcburi xarakter daşımır, amma siyasi rəmz olaraq həm İsrailə, həm də dünya ictimaiyyətinə güclü mesaj göndərir: Fələstin məsələsində beynəlxalq konsensus getdikcə daha da möhkəmlənir.

Fələstin dövlətinin yaradılmasına 40-dan ölkənin dəstək verməsi və o dövlətlərin sırasında Azərbaycanın da olması çox müsbət göstəricidir. Azərbaycan dövləti Fələstin dövlətinin yaradılmasına səs verib. Bu, dünyada beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın başını uca edə biləcək qərarlardan biridir. Yəni heç nədən çəkinmədən, müstəqil siyasət yürütdüyünü bir daha təsdiqləyərək Fələstin dövlətinin yaradılmasına səs verdi.

ABŞ və Amerika istəməsə də, Fələstin xalqının müstəqil dövlətə sahib olması və müstəqil Fələstin dövlətinun qurulması, bu dövləti qurmaq onların tam haqqıdır. Azərbaycanın da bu siyahıda olması ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsində mühüm rol oynayacaq.

“Azərbaycan bu addımı ilə beynəlxalq birliyin hörmətini qazanır və bu mövqeyi daha da möhkəmləndirir”

Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, İsrailin Qəzza bölgəsində genişmiqyaslı quru əməliyyatları həyata keçirməsi və bölgə üzərində tam nəzarəti əldə etmək məqsədləri böyük neqativ reaksiyaya səbəb olub. “Nəinki bölgədə ənənəvi maraqları olan dövlətlər, hətta bölgədən uzaq dövlətlər də İsrailin hərbi əməliyyatlarını pisləyirlər və xüsusilə burda Fransanın, Böyük Britaniyanın, İspaniyanın, ərəb dünyasının səsi eşidilməkdədir. Əlbəttə, burda Fələstin xalqının azadlığı və müstəqilliyi uğrunda mücadilədə vahid birliyin olmaması da ciddi sual doğurur. Çünki ərəb dünyasını təmsil edən dövlətlər hərbi əməliyyatlar fonunda nə “İbrahim razılaşmalarından” çıxırlar, nə də ABŞ-la əməkdaşlıqdan imtina edirlər. Çünki burda iqtisadi maraqlar, ticari üstünlüklər, neft və karbohidrogen ehtiyatların ticarəti əsas prioriteti təşkil edir. Bu bir reallıqdır. Lakin Fələstin dövlətinin yaradılması istiqamətində BMT-də keçirilən səsvermədə dünyanın çox hissəsi Fələstin dövlətinin yaradılması istiqamətində səsvermədə müsbət yanaşma ifadə edib. Bu da beynəlxalq hüquqa hörməti ifadə edir.

Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan da bu səsvermədə Fələstinin lehinə səs verib. Azərbaycan öz mövqeyini dəfələrlə ifadə edib. Çünki bölgədə iki dövlət prinsipi Azərbaycan üçün önəmlidir”.

İ.Hüseynovun sözlərinə görə, bu, İsraillə olan sıx münasibətlərə rəğmən dəfələrlə bildirilib. İ.Hüseynovun fikrincə, nəzərə almaq lazımdır ki, Azərbaycanla ABŞ arasında da hazırda yeni münasibətlər dövrü başlayıb və ikitərəfli işçi qrup yaradılıb, bu qrupun əsas məqsədi iki dövlət arasında Xartiyanın işlənib hazırlanmasıdır. “Bütün bu siyasi proseslərə və önəmli gedişlərə rəğmən, Azərbaycan dəfələrlə ifadə etdiyi mövqeyini əməli şəraitdə, praktikada sübut edərək əvvəlcədən proqnozlaşdırılan geosiyasi aktor mövqeyini qoruyub. Bu da çox böyük göstərici hesab oluna bilər. Çünki hesab edirəm ki, Azərbaycan bu addımı ilə beynəlxalq birliyin hörmətini qazanır və bu mövqeyi daha da möhkəmləndirir”-deyə İ.Hüseynov vurğuladı.

İradə SARIYEVA

Chosen
15
baki-xeber.com

1Sources