EN

Maliyyə Nazirlində Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Maliyyə Nazirliyində 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq Azərbaycanın dövlət suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan maliyyə nazirinin müavini Azər Bayramov beş il əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanaraq 30 illik işğala son qoyduğunu bildirib. Qeyd olunub ki, döyüş meydanında əldə edilən şanlı zəfərin davamı olaraq 2023-cü ilin sentyabr ayında aparılan bir günlük əməliyyat nəticəsində dövlət suverenliyimiz tam bərqərar edilib. A.Bayramov vurğulayıb ki, Dövlət Suverenliyi Gününün təsis olunması həmin dəyərlərin əbədiləşdirilməsi və gələcək nəsillərə dövlətçiliyimizin möhtəşəm rəmzi kimi ötürülməsi baxımından mühüm tarixi hadisədir.

Qeyd olunub ki, dövlət müstəqilliyimizin möhkəmlənməsində və dövlətçilik ənənələrinin qorunub saxlanılmasında müstəsna rolu olan Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı alınıb. Sonrakı illərdə isə Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən strategiyası və qətiyyətli mübarizəsi sayəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub.

Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarixçi alim Anar İsgəndərov çıxış edərək bu əlamətdar günün mahiyyətindən və tarixi əhəmiyyətindən danışıb. O, vurğulayıb ki, müasir tariximizə qızıl hərflərlə yazılmış bu gündə Azərbaycanın üçrəngli Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

Qeyd olunub ki, Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır, yeni inkişaf mərhələsinə qədəm qoyur. Qazanılan nailiyyətlər gələcək nəsillərə müstəqil, suveren və güclü dövlət miras qoymaq baxımından da xüsusi əhəmiyyət daşıyır.

Tədbirin sonunda “Dövlət Suverenliyi” mövzusunda film nümayiş etdirilib.

Chosen
66
azertag.az

1Sources