ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində işgüzar səfərdədir. Azərbaycan müdafiə naziri Zakir Həsənovun Çinə səfəri iki ölkə arasındakı münasibətlərin inkişafında diqqətçəkən hadisə kimi dəyərləndirilir. Son illər Azərbaycan və Çin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu çərçivədə iqtisadi, siyasi və hərbi sahələrdə əməkdaşlıq getdikcə genişlənir.
Politoloq Elçin Xalidbəyli AZXEBER.COM-a açıqlamasında bildirib ki, son vaxtlar Azərbaycan və Çin arasında münasibətlərin daha yüksək mərhələyə keçdiyi müşahidə olunur:
"Artıq iki ölkə strateji tərəfdaşdır və xüsusilə iqtisadi-ticari sahədə qarşılıqlı faydalı əməkdaşlıq intensiv şəkildə inkişaf edir. Müxtəlif vaxtlarda Azərbaycanın yüksək səviyyəli nümayəndələri Çinə səfərlər ediblər.
Prezident İlham Əliyevin də son dövrlərdə Çinə iki dəfə səfəri olub və bu səfərlər hər iki ölkə üçün məhsuldar nəticələr verib. Bu səfərlər nəticəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətləri rəsmiləşdirilib və əlaqələr bu statusa uyğun şəkildə inkişaf etdirilir”.
Ekspert qeyd edib ki, bu prosesdə iqtisadi-ticari əməkdaşlıqla yanaşı, hərbi sahə də önəmli istiqamətlərdən biridir:
"Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan Çin istehsalı olan hərbi texnika ilə maraqlanır. Xüsusilə Çin istehsalı döyüş təyyarələrinin alınması məsələsi gündəmdədir və bu istiqamətdə danışıqlar aparılır. Bu baxımdan Azərbaycan müdafiə nazirinin Çinə səfəri də hərbi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli hesab olunur”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.