EN

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında 2026-cı il dövlət və icmal büdcə layihələri və sonrakı üç il üzrə icmal büdcə göstəriciləri, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidmətinin gördüyü işlər və qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.

Far.Az bu barədə nazirliyə istinadən xəbər verir.

Qurumun struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Nazirliyin növbəti Kollegiya iclası əlamətdar tarixdə – Dövlət Suverenliyi Günü ərəfəsində keçirilir. Nazir bu günün tarixi əhəmiyyətindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən strategiyası və qətiyyətli mübarizəsi sayəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub.

Kollegiyanın sədri qeyd edib ki, 2026-cı il dövlət və icmal büdcə göstəriciləri dövlətin funksiyalarının səmərəli həyata keçirilməsini təmin etməklə, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji prioritet və inkişaf istiqamətlərinə uyğun olaraq həyata keçiriləcək tədbir və layihələr üçün maliyyə təminatı yaradacaq.

2026-cı il üzrə əsas xərc istiqamətlərindən bəhs edən nazir ölkənin müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi, ərzaq təhlükəsizliyi, investisiya layihələrinin həyata keçirilməsi, publik hüquqi şəxslərin dövlət sifarişi ilə gördüyü iş və göstərdiyi xidmətlər, dövlət borcuna xidmətlə bağlı xərclər, həmçinin dövlətin funksiya və vəzifələrinə aid olan digər zəruri xərclərin təmin olunacağını vurğulayıb.

Kollegiya iclasında 2026-cı il üzrə dövlət və icmal büdcələrin proqnozlaşdırılan parametrləri barədə məlumat verilib. Qeyd olunub ki, icmal büdcənin gəlirləri 44,8 milyard manat, xərcləri 48,7 milyard manat proqnozlaşdırılır. Gələn il üçün dövlət büdcəsinin isə gəlirləri 38,4 milyard manat, xərcləri 41,5 milyard manat səviyyəsində proqnozlaşdırılır. Gəlirlərin 57,4 %-i qeyri-neft sektorunun payına düşür və bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. 2026-cı ildə dövlət büdcəsinin cari xərcləri ümumi xərclərin 59,6 %-ni, əsaslı xərclər 34,5 %-ni, dövlət borcuna xidmətlə bağlı xərclər isə 5,9 %-ni təşkil edəcək. Büdcə kəsiri ÜDM-in 2,3 %-i həcmində müəyyən edilib ki, bu da əsasən daxili və xarici borclanma, özəlləşdirmədən daxilolmalar, həmçinin xəzinə qalığı hesabına maliyyələşdiriləcək. Büdcə qaydası çərçivəsində qeyri-neft baza kəsirinin tədricən azaldılması və fiskal dayanıqlığın gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub.

Nazir büdcə sənədlərinin məzmununun və dərc edilməsi müddətinin beynəlxalq standartlara uyğunlaşdırılması, hesabatlılığı təmin edən elektron məlumat bazasının formalaşdırılması və inteqrasiyası, büdcə vəsaitlərinin uçotunun təkmilləşdirilməsi, büdcə prosesinin müxtəlif mərhələlərinin avtomatlaşdırılması ilə bağlı başlanmış işlərin qısa müddətdə başa çatdırılması ilə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verib. O, bu tapşırıqların icrasının büdcə prosesinin müasir standartlar əsasında təkmilləşdirilməsinə, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının iştirak imkanlarının genişləndirilməsinə, həmçinin dövlət maliyyəsinin idarə edilməsində səmərəlilik, operativlik və ədalətlilik prinsiplərinin qorunmasına xidmət edəcəyini vurğulayıb.

Chosen
1
15
far.az

10Sources