EN

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirib - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov sentyabrın 18-də vətəndaşları qəbul edib.

Qaziler.az xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Qəbul Xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında baş tutub, Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında qeydiyyatda olan vətəndaşlar iştirak edib.

Qəbulda 2 şəhid ailəsi və 4 müharibə iştirakçısı olmaqla 19 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

Chosen
4
18
qaziler.az

10Sources