Finss.az - Azərbaycan Turizm Bürosu 17–19 sentyabr 2025-ci il tarixlərində Qazaxıstanın Astana və Almatı şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) tədbirində uğurla təmsil olunub.
Tədbir çərçivəsində keçirilən B2B görüşlərdə Qazaxıstan və Özbəkistanın 30-dan çox turizm şirkəti və turoperatoru ilə əməkdaşlıq imkanları müzakirə edilib. Azərbaycan nümayəndələri ölkənin lüks turizm potensialını təqdim edərək qarşılıqlı turizm əlaqələrinin gücləndirilməsi istiqamətində konkret addımlar atıblar.
Məlumatlara görə, 2025-ci ilin yanvar-avqust dövründə Azərbaycana Qazaxıstandan 69 332, Özbəkistandan isə 37 718 xarici vətəndaş səfər edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19% və 28% artım deməkdir.
Beynəlxalq aviareyslərin rolu da böyükdür. “Azərbaycan Hava Yolları” (AZAL), “Air Astana”, “FlyArystan” və “Uzbekistan Airways” Bakı ilə Almatı, Astana və Daşkənd arasında birbaşa uçuşlar həyata keçirir, bu da ölkələrarası turizm əlaqələrinin möhkəmlənməsinə və qarşılıqlı ziyarətçi sayının artmasına şərait yaradır.
Ümumilikdə, LTM 2025 tədbiri Azərbaycan turizminin Qazaxıstan və Özbəkistan bazarlarında mövqeyini gücləndirməsinə və lüks turizm sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılmasına imkan verib.


