Bakı, 19 sentyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası və yüksək vəzifəli rəsmilərin İƏT Əmək Mərkəzinin Baş Assembleyasının 2-ci sessiyasına hazırlıq iclası olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 23-24-də keçiriləcək tədbirlər təşkilatın fəaliyyəti ilə bağlı mühüm qətnamələrin müzakirəsi və qəbulu məqsədini daşıyır.
Tədbirlər çərçivəsində İƏT-nin Əmək Mərkəzi ilə ƏƏSMN-in birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa da keçiriləcək.
Xatırladaq ki, İƏT-nin Əmək Mərkəzi 2023-cü ildə Bakı şəhərində üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı zamanı təsis edilib.
İƏT-nin institutu olan bu mərkəz üzv ölkələrin əmək bazarının inkişafı, işçi hüquqlarının müdafiəsi, həmçinin məşğulluq imkanlarının artırılması sahələrində əməkdaşlığın genişləndirilməsində mühüm rola malikdir.