Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 19 sentyabr 2025-ci il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulunu keçirib.
Əvvəlcə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naftalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.