EN

“Fransa belə Bakı ilə hesablaşmağa məcbur olacaq”– ŞƏRH

Azərbaycanın son illərdə xarici siyasətində müşahidə olunan əsas tendensiyalardan biri balans prinsipi əsasında qurulan münasibətlərdir. Bakı nə regional, nə də qlobal güclər arasında seçim etmədən, hər iki tərəf ilə dialoqu qorumağa çalışıb. Bu siyasət həm Vətən müharibəsində, həm də sonrakı diplomatik mərhələlərdə özünü doğruldub. Xüsusilə ABŞ-la əlaqələrdəki müsbət dinamika Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinə də müsbət təsir göstərmək potensialına malikdir. Politoloq Cavanşir Abbaslının sözlərinə görə, Azərbaycanın balanslı siyasəti həm Vaşinqton, həm də Moskva ilə münasibətlərdə əsas həlledici faktor olaraq qalır və bu kurs ölkəmizin regiondakı nüfuzunu daha da artırır.

Beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan hər zaman balanslı siyasətə üstünlük verib:

 

“Heç vaxt hansısa cəbhədə və ya tərəfdə yer almayıb. Bu, Bakının ən düzgün xarici siyasət kursudur və nəticələrini dəfələrlə görmüşük, xüsusilə Vətən müharibəsində. Artıq dünya da anlayır ki, Azərbaycan balanslı siyasətindən imtina etməyəcək. Bu gün Bakı–Vaşinqton münasibətlərinin yüksək səviyyədə olmasının əsas səbəbi də məhz bu kursdur. ABŞ Azərbaycanın etibarlı tərəfdaş olduğuna əmindir. Son aylarda Rusiya ilə münasibətlərdə müəyyən gərginlik müşahidə olunsa da, bu, Moskvanın səhv addımlarından qaynaqlanır. Kremlin özü də yaxşı anlayır ki, Azərbaycan balanslı siyasətinə sadiqdir və etibarlı tərəfdaş olaraq qalır, buna görə də səhvlərini düzəltməyə məcbur olacaq. ABŞ isə dünyanın əsas supergücüdür və Azərbaycanla münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi Prezident İlham Əliyevin xarici siyasətinin ən böyük uğurlarından biridir. Düşünürəm ki, Donald Trampın hakimiyyətinin ikinci dönəminin sonuna qədər də bu münasibətlər indiki səviyyədə qalacaq. Bu isə hər iki tərəfin maraqlarına uyğundur. ABŞ Cənubi Qafqazda nüfuzunu artırmaq istəyir və bu regionun lideri Qalib Azərbaycanla hesablaşmaq məcburiyyətindədir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın ABŞ-la yaxın münasibətləri Avropa ölkələrinin də siyasətinə təsirsiz ötüşməyəcək:

“Onlar da Bakı ilə əməkdaşlığa daha çox önəm verməyə çalışacaqlar. Hətta Fransa belə bu reallıqla barışmaq məcburiyyətində qalacaq. Nəticədə Azərbaycanın regiondakı təsiri və nüfuzu daha da artacaq. Balanslı siyasət kursunun ən böyük üstünlüyü də məhz budur”.

//Gülnarə Abasova, Editor.az

Chosen
31
editor.az

1Sources