EN

Süni intellektlə işləyən yeni ağıllı eynəklər - Qiyməti 799 dollardır

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq süni intellektlə işləyən yeni ağıllı eynəkləri ictimaiyyətə təqdim edib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, illik “Meta Connect” konfransında təqdimatı olan məhsullar arasında “Ray-Ban” və “Oakley” brendləri ilə birlikdə hazırlanmış ağıllı eynəklər və onlarla sinxron işləyən neyron qolbaqlar yer alıb. Bu cihaz istifadəçilərə kiçik əl jestləri ilə mesaj göndərmək imkanı yaradır.

“Meta Ray-Ban Display” eynəkləri bu aydan satışa çıxarılacaq və qiyməti 799 dollardır (1358 manat). Şirkət bu barədə açıqlama verməsə də, 2023-cü ildən bəri təxminən 2 milyon cüt ağıllı eynək satıldığı da bildirilir.

Zukerberq həmçinin əsasən idman həvəskarları üçün nəzərdə tutulan 499 dollarlıq (847 manat) “Oakley Meta Vanguard” eynəklərini təqdim edib. Bundan əlavə, 379 dollarlıq (643 manat) ikinci nəsil “Ray-Ban Meta“ eynəkləri də satışa çıxarılacaq.

“Meta” hazırda süni intellekt infrastrukturuna milyardlarla dollar sərmayə yatırır və ABŞ-də tikilən yeni məlumat mərkəzlərindən birinin Manhetten ölçüsündə bir ərazini əhatə edəcəyi gözlənilir.

Lakin şirkət eyni zamanda sosial şəbəkələrin uşaqlara mənfi təsiri ilə bağlı ciddi tənqidlərə məruz qalır. Belə ki, aktivistlər və intihar qurbanlarının ailə üzvləri Nyu-Yorkdakı “Meta” qərargahı qarşısında aksiya keçirərək uşaqların sosial şəbəkələrdə, o cümlədən sözügedən şirkətə məxsus platformalarda daha çox qorunmasını tələb ediblər. “Meta” isə bu iddiaları rədd edərək onları “cəfəngiyyat” adlandırıb.

Chosen
16
2
redaktor.az

3Sources