EN

Tərəfdaşlıq güclənir: Azərbaycan və Aİ iqtisadi əməkdaşlığı dərinləşdirir

Azərbaycan və Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə daxil olur.

Son illər enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlıq mühüm nailiyyətlər qazanıb. İndi isə qarşılıqlı maraqları daha da gücləndirmək, regional sabitlik və iqtisadi inkişaf üçün dayanıqlı mexanizmlər qurmaq zərurəti ön plana çıxır.

Bu məqsədlə tərəflər arasında Yüksək Səviyyəli İqtisadi İşçi Qrupunun yaradılması barədə razılıq əldə olunub. Yeni formatın əsas hədəfi ticarət və investisiya imkanlarını genişləndirmək, iqtisadi layihələrin daha effektiv icrasına şərait yaratmaq və Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığı möhkəmləndirməkdir.

Müzakirələrin nəticəsi olaraq Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos qeyd edib ki, Cənubi Qafqazda sülhün möhkəmlənməsi həm regional, həm də beynəlxalq miqyasda yeni iqtisadi fürsətlər açır. Bu baxımdan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla aparılan görüş gələcək əməkdaşlığın yol xəritəsini müəyyənləşdirən mühüm addım hesab olunur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Avropa ilə əlaqələrin inkişaf etdirilməsi, ölkəmizin gündəliyinin Avropa gündəliyi ilə uyğunlaşdırılması olduqca vacib məsələdir:

"Çünki Avropa həm inkişaf baxımından, həm hüquqi cəmiyyət quruculuğu baxımından bizim örnək götürdüyümüz, çatmaq istədiyimiz bir məkan, bir istiqamətdir. Bu mənada Avropa ilə əməkdaşlığın genişləndirilməsi dövlətimizin və xalqımızın maraqlarına tamamilə uyğundur".

Xalid Kərimli: Hazırda alternativ enerji gündəliyimiz var ki, burada da Avropa kapitalının dəstəyi və iştirakı zəruridir

Onun sözlərinə görə, ölkəmizin əsas iqtisadi layihələri, əsasən, Avropa və Amerika mənşəli kapital hesabına həyata keçirilir. Burada Rusiya kapitalı iştirak etmir. Bizim əsas alıcılarımız da Avropa ölkələridir. Ona görə də Avropa ilə iqtisadi münasibətlərin inkişafı olduqca mühüm əhəmiyyət kəsb edir:

"Hazırda alternativ enerji gündəliyimiz var ki, burada da Avropa kapitalının dəstəyi və iştirakı zəruridir. Xüsusilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsi mütləq şəkildə Avropa institutlarının maliyyə dəstəyi və təminatları ilə mümkündür".

İqtisadçıya görə, bütün bunlar göstərir ki, Avropa ilə münasibətlərin yaxşılaşdırılması sırf praktik və işgüzar xarakter daşıyır və ölkəmizin maraqlarına xidmət edir:

“Amma diversifikasiya məsələsi olacaqmı, olmayacaqmı, bu, ayrıca müzakirə mövzusudur. Əgər müzakirələrin gündəliyi bizə təqdim olunsa, növbəti müsahibələrdə həmin gündəliyə uyğun olaraq daha ətraflı və konkret məlumatlar vermək imkanım olar. Hazırda mövcud informasiya çərçivəsində deyə biləcəklərim bunlardır. Qalan hissələr isə bir qədər ehtimallara və fantaziyalara söykənə bilər".

Əli Hüseynov

Chosen
10
1
bakivaxti.az

2Sources