Oksford hegemoniyası bitdi? 30 ildən sonra ilk üçlükdən çıxarıldı
Ajans.az xəbər verir ki,bu barədə The Times məlumat yayıb. Reytinqin builki versiyasında London İqtisadiyyat Məktəbi (LSE) ikinci il ardıcıl olaraq ölkənin ən yaxşı universiteti seçilib. İkinci yerdə Şotlandiyanın ən qədim ali məktəbi olan Sent-Endryus Universiteti, üçüncü yerdə isə ötən il beşinci yerdə qərarlaşan Durham Universiteti qərarlaşıb. Oksford və Kembric universitetləri dördüncü pilləni bölüşərək lider üçlükdən kənarda qalıblar. Bələdçinin tərtibatçılarına görə, Durham Universiteti bu il bir sıra sahələrdə – tədris və tədqiqat keyfiyyəti, tələbə məmnuniyyəti və məzun nəticələri baxımından – bir çox rəqiblərini qabaqlayıb. Xüsusilə məzunların işə qəbul göstəriciləri üzrə Durham yalnız London İmperial Kollecindən (6-cı yer) geri qalaraq ikinci yeri tutub. The Times və The Sunday Times bələdçisinin redaktoru Helen Devis qeyd edib ki, “Durham yüksək rəqabətli ilk onluqda bir il ərzində iki pillə irəliləyərək əhəmiyyətli nəticə əldə edib”. Onun sözlərinə görə, universitetin mövqeyi “tədris keyfiyyətinin və tələbə təcrübəsinin yaxşılaşdırılması” ilə möhkəmləndirilib. Digər tərəfdən, Tələbələr Ofisinin (OfS) rəhbəri Edvard Pek "The Times"a açıqlamasında bildirib ki, gələcəkdə universitetlərin tələbələrdən ala biləcəyi təhsil haqlarını müəyyən etmək üçün rəsmi tədris keyfiyyəti reytinqlərinin əsas götürülməsi nəzərdən keçirilir.