EN

Mərkəzi Nəbatət Bağının bölgələrdə yeni filialları yaradılacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mərkəzi Nəbatət Bağının regionlarda yeni filiallarının açılması nəzərdə tutulub".
Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Mərkəzi Nəbatət Bağının Oduncaqlı bitkilər laboratoriyasının müdiri Asif Mehralıyev məlumat verib.
O bildirib ki, hazırda Mərkəzi Nəbatət Bağının Şamaxı rayonunda 1 filialı var. 20 hektar ərazini əhatə edən həmin filialda dərman üçün və efir yağlı bitkilər becərilir. Lakin onlar ölkənin bütün bölgələrində belə filialların yaradılmasını qarşıya məqsəd qoyublar.
Asif Mehralıyev, həmçinin diqqətə çatdırıb ki, Mərkəzi Nəbatət Bağında Biomüxtəliflik mərkəzinin təşkil edilməsi planlaşdırılıb:
"Mərkəzi Nəbatət Bağını Azərbaycanda biomüxtəlifliyin mərkəzinə çevirmək istəyirik. Bunun üçün burada baza və imkanlar mövcuddur. Ölkəmizdə qoruq, park və yasaqlıqlar var. Biomüxtəliflik mərkəzini onlarla əməkdaşlıq çərçivəsində qurmağı nəzərdə tuturuq".
Bundan başqa, laboratoriya müdiri qeyd edib ki, Mərkəzi Nəbatət Bağında elmi fəaliyyətin bərpa olunması da planlaşdırılıb:
"Buraya elm adamları cəlb edilməlidir. Onlar bitkilərin introduksiyası istiqamətində elmi işlərini aparmalıdırlar. Yaradıldığı 90 il müddətində bu bağ daim elm istiqamətində inkişaf edib. Digər elmi müəssisələrlə mütəmadi elmi əməkdaşlıq etmək, bitki və toxum mübadiləsi aparmaq istəyirik. Məqsədimiz bağdakı 1600-ə qədər bitki növlərinin sayını 2 minə çatdırmaqdır. Bunun üçün Azərbaycanın bölgələrinə və dünyanın müxtəlif ölkələrindəki bağlara ekspedisiyalar, ezamiyyələr təşkil edəcəyik".
Asif Mehralıyev onu da deyib ki, Mərkəzi Nəbatət Bağında kurslar təşkil etmək də planlaşdırılıb.
"Yaşıllaşdırma istiqamətində həvəsi olan gəncləri dəvət edərək, onlara təlimlər keçəcəyik. Bunun üçün xüsusi tədris proqramları hazırlamışıq. Azərbaycanın yaşıllaşdırılması işində elmli gənclərdən yararlanmaq fikrindəyik", - deyə o qeyd edib.
Chosen
12
5
oxu.az

6Sources