Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Tarixin axarında bəzən elə hadisələr baş verir ki, onlar təkcə bir millətin taleyini deyil, həm də ədalət və haqlılıq prinsiplərinin təntənəsini göstərir. Azərbaycan xalqı üçün belə hadisələrdən biri, bəlkə də ən önəmlisi, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam şəkildə bərpasıdır. Bu hadisə təkcə siyasi və hərbi uğur deyil, eyni zamanda tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir. Azərbaycanın 30 ilə yaxın müddətdə beynəlxalq səviyyədə tanınan torpaqlarının bir hissəsi işğal altında qaldı. Bu müddət ərzində xalqımız dərin mənəvi sarsıntılar keçirdi, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, minlərlə şəhidimiz oldu, mədəni irsimiz dağıntı və talanlara məruz qaldı. Təəcüblüsü odur ki, beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, bu ədalət uzun illər kağız üzərində qaldı. İşğal faktı təkcə torpaqlarımızın yox, həm dəmilli heysiyyətimizin, tariximizin və mənəviyyatımızın pozulması demək idi.
2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayına qədər davam edən antiterror tədbirləri nəticəsində dövlətimiz öz suveren hüquqlarını hadisələri düzgün idarə etməyi bacaran Ali Baş Komandanının, cəsarətli xalqının və qəhrəman əsgərinin hesabına tam bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü reallıqda da təsbit olundu. Bu, heç şübhəsiz, ədalətin gec də olsa bərpa olunmasıdır. Çünki işğal altındakı torpaqlarımızda haqsızlıq hökm sürürdü: tarixi abidələrimiz təhqir olunur, kəndlərimiz viran qoyulurdu, insanlar doğma evlərinə həsrət qalırdı. Bu vəziyyət nə insan haqlarına, nə də beynəlxalq hüquq normalarına uyğun idi.
Bugünkü reallıqda isə Azərbaycan suveren bir dövlət kimi öz sərhədləri üzərində tam nəzarəti həyata keçirir. Bu, dövlətin daxili və xarici siyasətində müstəqil və güclü olmasını təmin edən başlıca faktorlardandır. Suverenliyin bərpası yalnız torpaq anlamında deyil — bu, həm dəxalqın qürurunun, birliyinin, ədalətə inamının bərpasıdır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi: "Biz təkcə torpaqlarımızı deyil, ədaləti də qaytardıq." Bu sözlər həm siyasi, həm də mənəvi baxımdan dərin məna daşıyır. Azərbaycan bu illər ərzində sübut etdi ki, ədalət gecikə bilər, amma gec-tez qələbə çalır. Bu qələbə isə həm döyüş meydanında, həm diplomatik masada, həm də xalqın birliyində formalaşdı.
Suverenliyimizin bərpası ilə biz yalnız dövlət sərhədlərini deyil, həm də milli kimliyimizi və tarixi haqlarımızı bərpa etdik. Azərbaycanın qazandığı bu zəfər nəinki regionda, hətta bütün dünyada ədalət və beynəlxalq hüququn təntənəsi kimi yadda qalacaq. Xalqımız isə bu ədalətin qorunması və möhkəmləndirilməsi naminə daha böyük birlik və inamla irəliləyəcək. Artıq Azərbaycan dünyanın heç kimdən asılı olmayan müstəqil siyasət aparan, sözünü deməyi bacaran,nüfuzlu dövlətlərindən biridir. Bu hissləri bizə yaşadan, bizi həmin zirvələrə çatdıran Ali Baş Komandancənabİlham Əliyevə təşəkkür edirik.
Şahmar Həsənov,
Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.