EN

Kitab oxumaq köhnəlib, amma tam yoxa çıxmayıb - MÜSAHİBƏ

Müasir dövrdə texnologiyanın sürətli inkişafı və ağıllı telefonların uşaqlar arasında geniş yayılması, kitab oxumaq kimi dəyərli bir vərdişi arxa plana atıb. Artıq uşaqlar saatlarla ekran qarşısında vaxt keçirir, sosial şəbəkələr və oyunlar onların diqqətini cəlb edir, təxəyyülünü isə zəiflədir.

Kitabların sehrli dünyası, fərqli həyatları, duyğuları və düşüncə tərzlərini kəşf etmək imkanı texnologiyanın səthi cazibəsi qarşısında unudulur. Təəssüf ki, kitabların səhifələrində gizlənən bilik və ruh dərinliyi, ekranın parıltısı ilə rəqabət apara bilmir.

AzEdu.az mövzu ilə əlaqədar “Qanun” nəşriyyatının tərcüməçi-redaktoru, Aygün Əzizlə həmsöhbət olub.

- Aygün xanım, əvvəlki illərə nəzər salsaq görərik ki, uşaqlar kitablara böyük maraq göstərirdilər. O dövrdə xüsusilə tərcümə əsərləri geniş oxunurdu: Aleksandr Düma, Frans Kafka, Vilyam Şekspir, Fyodor Dostoyevski, Cek London kimi yazıçıların əsərləri uşaqlar arasında böyük maraqla oxunurdu. Bəs indi nə baş verir?

-Bəli, yaxın keçmişdə kitab uşaqların dünyagörüşünü zənginləşdirən bir macəra dünyası idi. İndiki dövrdə uşaqlar texnologiyaya meyil etsələr də, hələ də yaxşı kitab axtarışında olanlar və oxuyanlar var. Məktəbdə müəllimlər, evdə valideynlər kitab oxuma zərurətini izah etməli, oxu saatları təşkil etməli, qiraət edilən əsərləri kollektiv şəkildə müzakirəyə çıxarmalıdırlar. Bu onlarda həm tənqidi, həm də məntiqi düşünməni gücləndirir, ünsiyyət bacarıqlarını inkişaf etdirir.

-Ancaq bu gün vəziyyət tam fərqlidir: demək olar ki, hər kəsin əlində telefon var və uşaqların artıq kitablara əvvəlki qədər marağı qalmayıb. Ən maraqlısı budur ki, valideynlər də övladlarını kitab oxumağa əvvəlki kimi təşviq etmirlər. Bununla bağlı nə deyə bilərsiz? 

Həyatımıza sürpriz kimi daxil olan süni intellect (Sİ) də bir tərəfdən belə hallara rəvac verir...

-Vəziyyətin dəyişməsinə səbəb müasir dövrün texnoloji yenilikləridir. Artıq ənənəvi kitab oxuma üsulu bir az köhnəlib. Bu yaxşıdır, yoxsa pis, tamam başqa sualın cavabıdır, eyni zamanda da komfort məsələsidir. Qacetlər artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Özümüzü onlarsız köməksiz kimi hiss edirik. İndi böyüklər kimi uşaq və yeniyetmələr də lazım olan məlumatı bir neçə dəqiqə içində bir kliklə internetdən əldə edir. Təəssüf ki, bu, bir çoxlarını qalın-qalın kitablar oxumaqdan çəkindirir, bunu vaxt itkisi hesab edirlər. Hətta həyatımıza sürpriz kimi daxil olan süni intellect (Sİ) də bir tərəfdən belə hallara rəvac verir. Lakin valideynlərin uşaqlara düzgün rejim qurması ilə onlarda mütaliəyə həvəs yaratmaq mümkün olmayan məsələ deyil.

-Bununla belə, istisnalar həmişə mövcuddur. Bu səbəbdən sizdən xahiş edərdim ki, uşaqların marağını cəlb edə biləcək kitab adları tövsiyə edəsiniz. Bu siyahıda tərcümə əsərləri də ola bilər.

-Uşaqlar üçün ilk növbədə nağılları tövsiyə edərdim. Çünki bir çoxlarının adi baxdığı nağıllarda çox ibrətli mətləblərdən söhbət açılır. Bəzən uşaq onu anlamaya bilər, amma böyüyəndə müəyyən həyat situasiyalarında oradakı sətiraltı verilən məsləhətlər, tövsiyələr karına gələ bilər. Bu mənada tək Azərbaycan nağıllarını yox, dünya xalqlarının nağıllarını da məsləhət görürəm. Bundan əlavə, azyaşlı oxucular üçün hazırlanmış ensiklopediyalar uşaq və yeniyetmə üçün zəngin bilik mənbəyidir. İlkin baza məlumatları oradan alıb gələcəkdə məlumatlarını artırmaq üçün yaxşıdır.

Klassiklərimizdən S.S.Axundovun “Qorxulu nağılları”nı, düşünürəm ki, hər bir azərbaycanlı uşaq oxumalıdır. Çağdaş ədəbiyyatımızdan Zahid Xəlilin kitabları maraqlıdır.

Əlavə olaraq, bir xeyli tərcümə ədəbiyyatı - dünya yazıçılarının uşaqlar üçün əsərlərini yaxşı nümunə kimi göstərə bilərəm.

Dünya ədəbiyyatı klassiklərindən Conatan Sviftin “Qulliverin səyahəti”, Mark Tvenin “Tom Soyerin macəraları”, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”, Hans Xristian Andersenin nağılları, Jül Vernin “Kapitan Qrantın uşaqları”, Astrid Lindqrenin “Uzuncorab Peppi” əsərləri ən gözəl nümunələrdəndir. Hazırda bizdə Roald Daalın kitabları, ələlxüsus “Çarli və şokolad fabriki” çox oxunanlar arasındadır.

Bir də yeniyetmələrə “Kəlilə və Dimnə”, Qabusnamə, N.Tusinin “Əxlaqi-Nasiri” kimi kitablarını da məsləhət görərdim...

-Ümumiyyətlə, sizcə, bu gün kitab oxumağa maraq həqiqətən azalıbmı?

-Təəssüf hissi ilə azaldığını təsdiqləyirəm. Lakin vəziyyət tamamilə faciəvi də deyil. Mən özüm tez-tez olmasa da, kitab oxuyan gənclərlə rastlaşıram. Sadəcə olaraq, iradım onların əksəriyyətinin öz klassiklərimizə, habelə klassik dünya ədəbiyyatına maraqsız yanaşmalarıdır. Bir də ən böyük səbəblərdən biri elmi-texniki tərəqqinin kosmik sürətlə inkişaf etməsi, informasiya burulğanı, social medianın cəlbedici olması, virtuallaşma, sosiallaşma kimi amillər də kitaba − əvvəlki sakit dövrlərin ən sevimli məşğuliyyətinə marağın sönməsinə səbəb olub. Lakin düzgün tərbiyə, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, valideyn təşəbbüskarlığı və qacetlərdən istifadəyə nəzarətlə övladlarımızda oxu vərdişi formalaşdıra bilərik.

-Aygün xanım, ənənəvi mütaliə üsulu ilə müasir kitab oxuma arasındakı fərqlərdən də bir-iki kəlmə deyə bilərsinizmi?

-Artıq xeyli zamandır ki, elektron kitablar (e-book reader) çıxıb və ən müasir versiyalarının çox böyük üstünlükləri var: üstündə bir kitab gəzdirə biləcəyin halda, e-kitabında minlərlə kitab yükləyib istənilən yerdə mütaliə etmək mümkündür. Köhnə mütaliəçilər kitablarda bəyəndikləri fikrin altından xətt çəkir, bəziləri saraldır, bəziləri isə kitabı səliqəli saxlamaq üçün orada heç bir qeyd aparmır, amma bloknotuna qeydlərini yazır. E-kitabların təqdim etdiyi funksiyalarla bütün bunları daha rahat və səliqəli şəkildə etmək mümkündür. Lazım olan hissəni seçə, saralda, altından xətt çəkə, hətta mətnin sağ tərəfində öz fikirlərinizi də qeyd edə bilirsiniz. Bütün bunlar yaddaşda qalır, istənilən vaxt axtarış etməklə asanlıqla tapa bilirsiniz. E-kitablar yüngüldür, ekranı telefon, planşet və sairə kimi qacetlərdə olduğu kimi işıqlı deyil, əskinə, gözü yormayacaq dərəcədə tutqun rəngə malikdir. Kitab vərəqini xatırladır. Enerjisi gec tükənir.

 

Chosen
21
azedu.az

1Sources