EN

Müasir Azərbaycan tam suveren dövlət olaraq gələcəyə inamla addımlayır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Qax, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur. Bu gün xalqımızın uzun müddət davam edən mübarizəsinin, 30 illik işğalın sona çatmasının, Qarabağ Zəfərinin, antiterror əməliyyatının və suverenliyin tam bərpasının təntənəsidir. Müasir Azərbaycan artıq tam suveren dövlət olaraq öz inkişaf yolunu müəyyənləşdirib və gələcəyə inamla addımlayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dövlət Suverenliyi Günü münasibətilə sentyabrın 19-da Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı rayon icra hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev açaraq, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu günün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi davamı, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin nəticəsidir. 2025-ci ildə Azərbaycan xalqı ilk dəfə bu günü rəsmi olaraq qeyd edir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından da böyük əhəmiyyət daşıyır.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Vurğulanıb ki, Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür. Bu günün qeyd olunması Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcını göstərir. Bu gün biz artıq tam suveren dövlətik. Sərhədlərimiz toxunulmazdır, ərazilərimiz bütövdür, xalqımız isə azad və müstəqil gələcəyini öz əlləri ilə qurur. Dövlət Suverenliyi Günü xaqımızın tarixi yaddaşında əbədi yer alacaq milli qürur günüdür.

Konfransda Milli Məclisin deputatı Əli Məsimli, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon İcra və Probasiya şöbəsinin rəisi Sənan Quliyev, 44 günlük Vətən müharibəsinin və antiterror əməliyyatının iştirakçısı, qazi Ramil Səraclı çıxış ediblər. Bildirilib ki, 2023-cü il sentyabrın 19-da Qarabağda erməni separatçılarının təxribatlarına cavab olaraq həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində qanunsuz silahlı birləşmələr tərksilah olunub, qondarma qurum özünü buraxdığını elan edib. Beləliklə, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olunub. Bu hadisə yalnız hərbi-siyası deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
azertag.az

1Sources