ain.az bildirir, Lent az portalına istinadən.
Bu günlərdə dünya ictimaiyyəti bir daha “Silahın gücü”nün siyasi arenada, cəbhənin qaynar nöqtələrində baxışları və nəticələri necə dəyişdiyinin şahidi olur.
Tramp Administrasiyasında bir ilk - “Silah gücü” sülh yaradacaqmı?
Söhbət ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Ukraynaya silah verilməsi prosesinə dəstək olmasından gedir. İndi ağıllarda əsasən bir sual var - Trampı Ukraynaya silah verməyə nə vadar etdi?
Lent.az-ın hazırladığı bu yazıda dünya ekspertlərinin məsələyə fərqli yanaşmasını və yuxarıda səsləndirdiyimiz suala maraqlı cavabları oxuya bilərsiniz.
Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən sonra Rusiya-Ukrayna müharibəsində Kiyevə dəstəyin xeyli azalacağı güman edilirdi. Lakin proseslər dəyişdi. Belə ki, Tramp Administrasiyası ilk dəfə Avropa ölkələri tərəfindən maliyyələşdiriləcək Ukraynaya silah paketini təsdiqlədi və gündəmi yenə özünə çəkməyi bacardı.
Söhbət silahdan və onun gücündən gedirsə, bu çoxlarını cəzb edir. Hətta dünyada gedən siyasi proseslərə o qədər də önəm verməyənləri belə. Çünki silah elə bir gücdür ki, tərəflər arasında siyasi çəkini ciddi dəyişdirir. Silahın varlığı dövlətin beynəlxalq arenadakı nüfuzunu artırır. Silahı olan dövlətin rəqibləri artıq çəkinməyə başlayır. Yəni həmin dövlətə hücum etmək istəyən tərəf iki dəfə düşünür. Silahın varsa, müzakirə masasında da üstünlük qazanacaqsan.
“Buz qırıldı”, bəs sülh sazişi necə olacaq?
Dünya mediasında çıxış edən ekspertlər isə məsələyə iki bucaqdan baxır. Fikirlər əsasən belədir - Ukrayna yetərincə silaha sahib olarsa, müharibənin müddətini qısalacaq, və ya əksinə, tərəflərin “tam qələbə” niyyəti səbəbilə münaqişələr uzanacaq.
Bütün hallarda “Silah gücü” sadəcə texnologiya deyil, həm də psixoloji üstünlükdür. Ən azından döyüşlərdə iştirak edən əsgərin əhvalı yüksəlir – “biz güclüyük”.
Nəzərə alaq ki, “Silahın gücü” həmişə “müharibə”, “qan tökmək” demək deyil, eyni zamanda sülh yaratmağa da xidmət edir.
ABŞ-ın da dəstəklədiyi Ukraynaya yardım, “silah paketi” yaxın vaxtlarda Kiyevə çatmalıdır. Mütəxəssislər qeyd edirlər ki, bu, ABŞ-ın hazırkı rəhbərliyinin xarici siyasətində ciddi dəyişiklikdir. Ukraynaya mediasında ekspertlər bu prosesləri ciddi təhlil edirlər. İndi aktual suallardan biri budur - bundan sonra Ukraynaya hərbi yardım necə ediləcək?
“Birgə Fəaliyyət Mərkəzi” adlı analitik təşkilatının rəhbəri Oleq Rıbaçuk qeyd edib ki, nəhayət “buz qırıldı”: “Bu onu göstərir ki, Donald Tramp administrasiyası yalnız keçmiş prezident Co Baydenin əvvəllər təsdiqlədiyi proqramları həyata keçirmir. Onlar ilk dəfə olaraq Ukraynanın dəstəyi ilə bağlı öz qərarlarını qəbul etməyə başlayıb. Düşünürəm ki, bundan sonra silahların alınmasında ləngimələr və ya problemlər olmamalıdır. Problem yalnız o halda yarana bilər ki, silah kifayət qədər olmasın”.
Eyni zamanda ukraynalı ekspertlər Donald Trampın hələ də Rusiya ilə sülh sazişi əldə etməyə ümid etməsini tam kənara qoymurlar.
Generalın cavabı Trampın mövqeyini dəyişdi, MİF DAĞILIB
Hərbi ekspert və “Reaktiv Poçta” xeyriyyə təşkilatının qurucusu Pavel Naroşnıy qeyd edib ki, Trampı qətiyyətli addım atmağa vadar edən cəbhədəki vəziyyət olmayıb: “Yaxınlarda Trampın müşaviri, ordunun generalı və təhlükəsizlik məsələlərini yaxşı bilən Kit Kellog Kiyevə gəlib. Son vaxtlar bir neçə nümayişkaranə hücum da baş verib ki, Tramp bunları görməməzlikdən gələ bilməzdi. Düşünürəm ki, məhz Alyaskadakı Putinlə görüşdən sonra Ukraynaya edilən hücumlar Trampı həmin sənədləri imzalamağa vadar etdi”.
Mediada verilən məlumatlara görə, Tramp Kit Kellogdan Rusiyanın müharibəni qazanıb-qazanmayacağını soruşub. Generalın cavabı belə olub: “Bu, həqiqətə uyğun deyil. Əksinə, Rusiya uduzur və Ukrayna “məğlubedilməz Rusiya ordusu” mifini dağıdıb”.
İndi gələk, dünyada beynəlxalq analitiklərin prosesə baxışına.
Trampın qərarını müsbət dəyərləndirənlər
Bəzi Avropa analitikləri bu qərarı “Avropanın silah və müdafiə sahəsində daha fəal olmasının göstəricisi” kimi dəyərləndirirlər. Məsələn, dgap.org-a istinadən qeyd edə bilərik ki, analitiklərin dediyinə görə, əvvəllər ABŞ vergi ödəyicilərinin pulu ilə hərbi yardım verirdisə, indi Avropa ölkələrinin bu yükü bölüşməsi həm resursların məntiqli istifadəsinə, həm də müttəfiqliyin güclənməsinə xidmət edir.
Reuters-də çıxış edən ekspertlər qeyd edirlər ki, yeni mexanizm ABŞ-ın Ukraynaya kömək istəyini göstərir: “Bu qərarın Ukrayna üçün simvolik önəmi böyükdür. Demək olar ki, uzun müddətdir davam edən “məhdudiyyətlər” və “politiki bəndlər” müddəaları yüngülləşir. HIMARS və Patriot kimi sistemlərin Ukraynaya verilişi ölkənin müdafiə qabiliyyətini artırmaqla yanaşı, Vaşinqtonun bu münaqişədə aktiv iştirakının davam etməsinə dair siqnal verir. Vaxtaşırı artan Rusiya hücumlarının Avropada təhlükəsizlik narahatlıqlarını artırdığı və bu kontekstdə Avropanın müdafiə xərclərinin, silah alınmasının sürətlənməsinə ehtiyac olduğu vurğulanır. ABŞ müdafiə sənayesi üçün bu qərar iqtisadi baxımdan da sərfəlidir. Avropa təhlükəsizliyini pulla təmin edər, ABŞ silah şirkətləri isə istehsal və satışdan faydalanar”.
Trampın qərarını mənfi dəyərləndirənlər
Avropa nəşri olan dgap.org-a istinadən deyə bilərik ki, bəzi siyasi analitiklərin fikri tənqidi yönümdədir. Məsələn, nəşrdə qeyd edilir ki, Avropa ölkələri artıq öz müdafiə büdcələrini artırsalar da, silah istehsalı, logistika, texniki ehtiyat hissələri və əməliyyat təchizatı sahəsində məhdudiyyətlər qalır: “Avropa maliyyə verə bilər, amma lazım olan texniki imkanlar bəzən gecikmələrə və çatışmazlıqlara səbəb olar. Hətta bu mexanizm işə düşsə də, silahların gəlməsi, çatdırılması, texniki hazırlıq, ustaların yetişdirilməsi və meydan şərtlərinə uyğunlaşdırılması kimi əməliyyat detallarında gecikmələr ola bilər. Ekspertlər deyirlər ki, Ukrayna üçün vacib olan yalnız vəd deyil, operativ, davamlı və vaxtında tədarükdür”.
Oxford Universitetinin bəzi ekspertləri qorxurlar ki, Trampın bu addımı ardıcıl olmayacaq: “Müsbət qərarlar olsa da, siyasi dəyişikliklər, daxili təzyiqlər və ya diplomatik məqamlar ABŞ-ın Ukrayna siyasətində qarışıqlıq yaratmasına səbəb ola bilər”.
AP News-da qeyd edilir ki, başqa bir narahatlıq da var: “Rusiya bu cür qərara güclü reaksiya verə bilər, xüsusilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsi ilə bağlı siyasi və diplomatik gərginlik artar. Bu, eskalasiyaya səbəb olacaq”.
Oxford Universitetinin ekspertlərinin bu məsələ ilə bağlı başqa bir mövqeyi də var: “Tramp administrasiyasının sülh sazişi və kompromis çağırışları bəzi analitiklər tərəfindən Ukraynanın danışıqlarda zəif mövqeyə düşməsi riski kimi qiymətləndirilir. Bu da Ukraynanın uzunmüddətli strateji və siyasi məqsədlərinə mane ola bilər”.
Gördüyünüz kimi, dünya mediasında və ekspertlər arasında Trampın Ukraynaya silah verməyə dəstək qərarı ilə bağlı müxtəlif fikirlər var.
Strateji professor Antonio Alvarenga Newsweek-də belə deyir: “Tramp Putinlə danışıqlara əvvəlcə daha yumşaq münasibət bəsləyirdi. Hazırkı qərar bunu göstərir ki, o, bu məsələni önəmsizləşdirib. Proses onu göstərir ki, Tramp qərar qəbul etməklə elan edir ki, yalnız danışıqlar Putini müharibədən çəkindirə bilməz. Real hərbi dəstək lazımdır.”
Bu çıxışlardan sonra belə bir rəy formalaşır ki, ekspertlər arasında ümumi fikir yoxdur, amma bir məsələdə hamısı eyni şərhlə çıxış edir: “Tramp ABŞ daxilində “vergi ödəyicilərinin xərcləri” məsələsində narazılıqları nəzərə alır, yeni mexanizm onun “pul ABŞ büdcəsindən çıxmır, Avropa ödəyir” fikrinə uyğundur”.
Bəzi dövlət liderləri də Trampın yeni qərarını dəstəkləyir. Məsələn, Almaniya Kansleri Friedrich Merz Trampın Avropalı tərəfdaşların xərcləri ödəməsi şərti ilə ABŞ-ın Ukraynaya silah təminatı təşəbbüsünü alqışlayır. Reuters-in yazdığı kimi, o deyib: “Prezident Tramp vacib təşəbbüs edib: Əgər Avropa tərəfdaşları maliyyəni təmin edərlərsə, ABŞ Ukraynaya böyük miqyasda silah verəcək. Almaniya “Patriot” hava hücumundan müdafiə sistemlərini ABŞ-dan alıb Ukraynaya yönəltmək imkanlarını araşdırır”.
Dünya mediasına nəzər saldıqca, məlum olur ki, fransalı ekspertlər və siyasətçilər Trampın bu addımını strateji dəyişiklik kimi görürlər, amma eyni zamanda onun sabitlik və davamlılıq məsələlərində etibarlı olub-olmamasından şübhəlidirlər.
Britaniyada isə dəyişilməz yeganə rəy var ki, Avropa ölkələri Ukraynanı dəstəkləməkdə daha fəal olmalıdır və ABŞ-ın yeni siyasəti bu istiqamətdə bir imkan yaradır.
Qeyd edək ki, bu məsələdə razılaşma isə hələ ki, tam formada açıq deyil. Yəni, hansı ölkənin nə qədər silah verəcəyi, çatdırma müddətləri, silahın hədəf seçimi kimi məsələlər hələ müzakirə olunur.
Beləliklə, “Silahın gücü” bu dəfə nələrə qadir olacaq? Rusiya-Ukrayna müharibəsində həqiqətən də “buz qırıldı”mı? Bu sualların cavabını yalnız zaman verəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.