EN

117 yaşlı "Leyli və Məcnun" yeni səhnə quruluşunda - FOTOLAR

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir.


Ənənəvi musiqi bayramı bu il milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyi ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3 fevral 2025-ci il tarixində dahi bəstəkarın yubileyi haqqında Sərəncam imzalanıb. 

Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstək verdiyi festival bu il də bir sıra ölkələrdən (Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri, musiqişünasları bir araya gətirib.

Sentyabrın 18-də Heydər Əliyev Sarayında festivalın rəsmi açılışı münasibətilə

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası nümayiş olunub.

Tamaşanı Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədr müavini Rafael Hüseynov, digər rəsmilər, diplomatik korpusun təmsilçiləri, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri, operasevərlər izləyiblər.

Üzeyir Hacıbəylinin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) eyniadlı poeması əsasında 1908-ci ildə yazdığı opera bir əsrdən çoxdur ki, səhnələrin bəzəyidir.

Səhnə əsəri Əməkdar artist, rejissor Nicat Kazımov tərəfindən yeni quruluşunda hazırlanıb.

Orkestrin dirijoru Əməkdar artist Əyyub Quliyev, dekorasiyalar üzrə rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, kostyumlar üzrə rəssam Leyla Əliyeva, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

İkipərdəli, 6 şəkilli  tamaşada əsas rolları Əməkdar artist Arzu Əliyeva (Leyli), Xəyal Hüseynov (Məcnun), Taleh Yahyayev (Leylinin atası), Aytən Məhərrəmova (Leylinin anası), Mütəllim Dəmirov (Məcnunun atası), Afaq Ağayeva (Məcnunun anası), Əməkdar artistlər Təyyar Bayramov (İbn Salam), Cahangir Qurbanov (Nofəl) və başqaları oynayırlar.

Üzeyir Hacıbəylinin əbədiyaşar sənət incisi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Nümayişdən sonra tamaşanın bütün yaradıcı heyəti səhnənin önünə gəlib. Tamaşaçılar onları ayaq üstə sürəkli alqışlarla qarşılayıblar.

Bildirək ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı tarixində ilk dəfə olaraq builki musiqi bayramının tədbirləri paytaxtımızdan əlavə ölkəmizin 10-dan çox şəhər və rayonunu da əhatə edir. Unudulmaz bəstəkarın musiqi əsərləri əsasında konsert və müvafiq tədbirlərin təşkili nəzərdə tutulur.

Chosen
14
5
manset.az

6Sources