EN

“Tacik tikmə dünyası” sərgisi açılır

Sentyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyi ilə birgə “Tacik tikmə dünyası” adlı sərgi açılacaq.

Doğru.az xəbər verir ki, sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını və mənəvi dəyərlərini əks etdirən qədim və zərif tikmələr nümayiş olunacaq. Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər bölgələrdən olan ustalar tərəfindən hazırlanmış zəngin kolleksiya Azərbaycan tamaşaçılarına ilk dəfə təqdim ediləcək.

Sərgidə Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal eksponat – örtüklər, çakan geyimlər, namazlıqlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə nümunələri yer alacaq. Xüsusilə rəng çalarlarının və naxışlarının zənginliyi ilə seçilən süzənilər diqqət mərkəzində olacaq.

Tacik tikmələri qadın sənətkarlar tərəfindən nəbati, həndəsi ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzədilir. Hər bir naxış – nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus və s. – xüsusi mənaya malikdir. Qeyd edək ki, 2018-ci ildə Tacikistanın “Çakan” tikmə sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi iki ölkə arasında mədəni əməkdaşlıq və dialoqun inkişafına önəmli töhfə verir. Layihə, mayın 20-də Düşənbədə keçirilmiş “Azərbaycanın milli irsi incəsənət incilərində yaşayır” sərgisinin davamı kimi qarşılıqlı mədəni mübadilə ənənələrinin möhkəmləndiyini göstərir.

Sərgi oktyabrın 25-dək davam edəcək.

DOĞRU.AZ

Chosen
8
4
dogru.az

5Sources