EN

Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… – DİQQƏT

Bakıda bir elektrik avtobusu və onun şarj aparatının “Baku Bus” MMC-yə 544 min manata başa gəlməsi ictimai müzakirələr yaradıb. Bəzi vətəndaşlar bu qədər bahalı nəqliyyat vasitəsinə ehtiyac olmadığını bildirir, digərləri isə gedişhaqqına təsir göstərə biləcəyindən narahatdır.

Bu hal əlavə xərclər və artıma yol aça bilərmi?

Busaat.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, elektrik avtobusu və onun şarj aparatının 544 min manata başa gəlməsi həmin qurumun büdcəsi üçün böyük rəqəmdir:

“Lakin bahalı nəqliyyat vasitəsinə ehtiyac olmadığı barədə iddialar əsassızdır. Çünki elektrik avtobusları həm iqtisadi, həm də ekoloji baxımdan səmərəli hesab olunur. Eyni zamanda elektrik avtobuslarının istifadəsi şəhərdə hava çirkliliyinin azalmasına və səs-küyün minimuma endirilməsinə də töhfə verir. Bu isə əhalinin sağlamlığı və şəhərin ekoloji vəziyyəti üçün mühüm əhəmiyyət daşıyır. Uzunmüddətli perspektivdə belə investisiyalar nəqliyyat infrastrukturunun modernləşməsinə və qənaətcil enerji istifadəsinə xidmət edir”.

Ekspert qeyd edib ki, yaxın vaxtlarda gedişhaqqının artırılması gözlənilmir:

“Amma elektrik avtobuslarının sayı artdığı halda bu mövzu gündəmə gələ bilər. Belə olan halda ya gedişhaqqı artırılmalı, ya da subsidiya hesabına mövcud tariflər qorunmalıdır. Xərclərin amortizasiyası üçün gedişhaqqının minimum 15-17 qəpik olması vacibdir. Bundan əlavə, elektrik avtobuslarının illik təmir xərcləri və sürücülərin təlimi də əlavə vəsait tələb edir. Buna görə də ya büdcədən əlavə maliyyələşmə olmalı, ya da ödəniş artırılmalıdır”.

Chosen
16
7
busaat.az

8Sources