EN

Sosial rifahın artması: Azad sahibkarlıq və liberal iqtisadiyyatdan keçir

İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Müasir dünyada ölkələrin iqtisadi inkişafının əsas göstəricilərindən biri sahibkarlığın sərbəstliyi və iqtisadi münasibətlərin liberallaşdırılmasıdır.

Azad sahibkarlıq yalnız iqtisadi fəaliyyət forması deyil, həm də cəmiyyətin sosial rifahının, vətəndaşların təşəbbüskarlığının və dövlətin iqtisadi gücünün mühüm dayağıdır. Liberal iqtisadiyyat isə bu fəaliyyətin hüquqi, institusional və bazar mexanizmləri ilə tənzimlənməsini nəzərdə tutur.

Azad sahibkarlığın mahiyyəti

Azad sahibkarlıq – hər bir vətəndaşın qanuni şəkildə mülkiyyətə sahib olmaq, sərbəst iqtisadi fəaliyyət göstərmək, bazar tələbinə uyğun mal və xidmət istehsal etmək hüququnu ifadə edir. Bu prinsiplər sahibkarlara sərbəst seçim imkanı, yeni bazarlara çıxış, innovasiya və rəqabət şəraiti, şəxsi təşəbbüslərin reallaşdırılması imkanı yaradır.

Azad sahibkarlıq, eyni zamanda, dövlətin iqtisadiyyatda rolunu minimuma endirərək, daha çox tənzimləyici və nəzarətçi funksiyalar üzərində cəmləşməsini tələb edir.

Liberal iqtisadiyyatın prinsipləri

Liberal iqtisadiyyat bazar iqtisadiyyatının əsas modelidir. Onun prinsipləri isə aşağıdakılardır:

*Mülkiyyət azadlığı – vətəndaşların şəxsi və ya korporativ mülkiyyətə sərbəst sahib olması;

*Rəqabət mühiti – bazarda azad rəqabətin təşviqi, inhisarçılığın qarşısının alınması;

*Dövlətin minimal müdaxiləsi – dövlət yalnız qanunların işləməsini təmin edir, bazar mexanizmlərinə birbaşa müdaxilə etmir;

*Qiymətlərin sərbəst formalaşması – təklif və tələbin balansına əsaslanan bazar qiymətləri;

*Beynəlxalq iqtisadi inteqrasiya – azad ticarət, sərmayələrin hərəkəti və qlobal bazarlara çıxış imkanı.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın üstünlükləri

Azad sahibkarlıq və liberal iqtisadiyyata keçid təmin edilərsə, bu ilk növbədə sahibkarların sərbəst fəaliyyətinə, yeni iş yerlərinin açılmasına və ÜDM-in artmasına şərait yaradır. Eyni zamanda innovasiya və texnoloji inkişafa səbəb olur ki, bu da rəqabət mühitinin formalaşmasına, sahibkarları daim yenilik etməyə sövq edir. Bu üstünlüklər isə bərabərində sosial rifahın yüksəlməsinə gətirib çıxarır. Yəni yeni məhsul və xidmətlər insanların həyat keyfiyyətini yüksəldir. Liberal iqtisadiyyat xarici sərmayələrin də cəlb olunmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradır.

Çətinliklər və çağırışlar

Hər bir iqtisadi model kimi, liberal iqtisadiyyatın da çətinlikləri mövcuddur. Belə ki, bu istiqamətdə əsas təhlükə sosial bərabərsizliyin dərinləşməsi, inhisarçılıq və bazar manipulyasiyaları, kiçik sahibkarların böyük şirkətlərlə rəqabətdə çətinlikləri, qlobal bazarlarda iqtisadi risklərə qarşı zəif müdafiə mexanizmləri hesab olunur.

Onu da əlavə edək ki, bu kimi təhlükələrin qarşısını almaq məqsədilə Rəqabət Məcəlləsi qəbul edilib. Mütəxəssislər hesab edirlər ki, Rəqabət Məcəlləsi biznesdə olan monopoliyanın ləğvinə və azad bazarın formalaşmasına hesablanış əsas qanundur. Rəqabət Məcəlləsinin qəbulu ilə bəzi qadağalar da tətbiq edilir.

Rəqabət Məcəlləsində əsas istiqamətlər isə belədir:

*məhsulun texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, rəqibin məhsulunun və onun formasının, o cümlədən malın xarici tərtibatının və ya qablaşdırılmasının onunla razılaşdırmadan təqlid edilməsi;

*rəqibin əqli mülkiyyət hüquqlarını pozmaq yolu ilə onun məhsulunun bilavasitə təkrarlanması;

*rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla), habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi;

*rəqibin internet domeninin adından, habelə rəqiblə eynilik və ya istifadəçiləri çaşdıracaq dərəcədə oxşarlıq təşkil edən internet səhifəsinin dizaynından onunla razılaşdırılmadan istifadə edilməsi;

*rəqibin qanuna uyğun istifadə etdiyi coğrafi göstəricisindən qanunsuz istifadə edilməsi. Bu qadağaların da sahibkarların maneəsiz fəaliyyət göstərməsi üçün lazımlı bəndlər olduğu qeyd olunur. Rəqabət Məcəlləsinin qəbulu ilə nəzərdə tutulan müddəaların icrası və işlək mexanizm olması üçün qurum da yaradılacaq.

Göründüyü kimi, azad sahibkarlıq və liberal iqtisadiyyat ölkələrin iqtisadi inkişafı üçün mühüm baza rolunu oynayır. Bu sistem insanlara sərbəst fəaliyyət imkanı yaratmaqla yanaşı, milli iqtisadiyyatın güclənməsinə, sosial rifahın yüksəlməsinə və beynəlxalq inteqrasiyanın genişlənməsinə töhfə verir. Lakin liberal iqtisadiyyatın sosial və struktur problemlər yaratmaması üçün dövlətin balanslaşdırıcı siyasəti vacibdir. Dövlət yalnız qanunvericilik, vergi siyasəti və sosial müdafiə mexanizmləri vasitəsilə bazar münasibətlərinə nəzarət etməlidir.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Chosen
17
1
cebheinfo.az

2Sources